Altaydan gələn yeni Nəsil və yeni Ruh
Deyirlər, cavanların yaşayış tərzini qəbul etməmək qocalığın əlamətidir
Gənclərimiz dəbdəbəni sevir, təhsili zəifdir, müəllimlərini məsxərəyə qoyur, qocalara hörməti yoxdur. İndiki uşaqlar tiran olublar. Otağa yaşlı adam girəndə ayağa qalxmırlar, valideynlərinə qarşıdırlar, bir sözlə, onlar çox pisdirlər. Bu sözləri məşhur filosof Sokrat eramızdan əvvəl 380-cı ildə deməyinə baxmayaraq, həyat hələ də davam edir!
Deyirlər cavanların yaşayış tərzini qəbul etməmək qocalığın əlamətidir. Şükür Allaha ki, mən hələ gəncləri başa düşə bilirəm, amma eyni zamanda digər həmyaşıdlarım kimi arada gileylənirəm ki, bizim gəncliyimizdə bir sıra məsələlər daha düzgün və maraqlı idi. Məsələn, idman məsələsi. Biz balaca olanda məhəllələrarası futbol yarışları keçirilirdi və qalib gələn komanda digər rayonun futbol komandası ilə yarışırdı. Yaxşı ənənə idi. Belə məhəllə oyunlarının nəticəsində ölkədə gözəl idmançılar yetişirdi. Lakin uzun müddət bununla heç kim məşğul olmur və bizim milli və klub futbol komandalarımız təəssüf ki, əsasən legionerlərdən ibarətdir…
Amma keçən həftə VMF Saat Fabrikinin gənclər üçün istehsal etdiyi “Rover” saatların meneceri Murad məni hər şənbə-bazar Bakıdakı “Akvatika” Su İdmanı Sarayının stadionunda keçirilən və bizim tərəfdaş olduğumuz məhəllə və ya məktəblərarası futbol çempionatına dəvət etdi. “VurCup - 2024” adlanan bu yarışın artıq iki turu keçirilib və oyunlar hələ iyun ayınadək davam edəcək. Gözəl dizayn olunmuş futbol stadionu, nizam-intizam, peşəkar arbitrlər və ən əsası, uşaqlığımın əsl futbol ab-havası məni 1980-ci illərə düşməyə imkan yaratdı. Çox şad oldum ki, İdman Nazirliyimiz gənclərin asudə vaxtlarının bu cür keçirilməsinə diqqət yetirir və bu ucuz olmayan və çox məsuliyyətli turnirə start verib. Lakin söhbət əsnasında məlum oldu ki, bütün bu nəhəng təşkilatın arxasında dayanan təşkilatçı dövlət qurumu və ya hansısa beynalxalq federasiya və ya təşkilat deyil, sadəcə, 18 yaşlı bir Bakı sakini, futbol vurğunu Altay Adıgözəlov adlı, mənim çox yaxşı tanıdığım bir gəncdir. Bu yeniyetmənin bu cür dəhşətli dərəcədə Azərbaycana lazım olan və artıq dərəcədə məsuliyyətli və çətin layihənin öhdəsindən gəlməsi məni heyran etdi. Mən özüm də əmək fəaliyyətimi çox erkən başlamışam və 22 yaşımda artıq televiziya yaratmışdım, amma bu dəliqanlının 22 deyil, 18 yaşı var axı… Həmən gözümün qarşısında 1990-cı illərdə Murov dağını və ya 2020-ci ildə Şuşanı əliyalın alan 18-19 yaşlı mərdlərimiz canlandı. Çox həyəcanlandım və Altayla görüşüb danışa bildim. Qarşımda ucaboylu, dinamik və yəqin elə bu səbəbdən arıq, şəvə kimi qara saçları ortadan "probor" olunmuş və diqqət yetirilməyən yeniyetmə saqqalına malik, ləhcəsindən rusdilli olduğu hiss olunan əsl Azərbaycan gənci dayanmışdı:
- Altay bəy, Altay müəllim və ya Altay Adıgözəlov…
- Sadəcə, Altay Mustafayev…
- Yəqin ki, soruşsam: “Bu boyda layihəni qaldırmağa sənə kim dəstək olub” - bir az sadəlövh görünərəm…
- Xeyir. Niyə ki? Artıq öyrəncəliyəm. Müxtəlif qurumlardan gələn vəzifəli şəxslər həmişə məndən xahiş edirlər ki, “böyüyümü cağırım”. Amma anlayanda ki, mənimlə danışacaqlar, əvvəl çaşırlar, sonra sevinirlər ki, bu uşağı bir anda “yəhərləyərik”, sonda mənim şərtlərimlə razılaşıb, məndən heyran olub gedirlər (gülür - müəllif).
- Elədir ki, var. Heyran olmamaq çətindir. Bəs sənə bu yükü qaldırmaq çətin deyil? Axı bu buzovu çiyninə götürüb pillə-pillə yuxarı qalxmaq üçün, ən azı, bir dəhşətli ideya olmalıdır ki, o sənə qaz versin! Yoxsa bu, sadəcə olaraq, bir biznesdir – pul qazanmaq imkanı?
- Çox maraqlı danışırsınız. “Buzov” məsələsi super alleqoriyadır – xoşuma gəldi… Sözsüz ki, pul vacib amildir. Pul olmasa, mən bu layihəni qaldıra bilməzdim. Və inanın ki, anamın mənə gündəlik verdiyi yeməkpulu nə qədər bərəkətli olsa da, bu layihəni qaldıra bilməzdi. Stadionun icarəsi, peşəkar, işgüzar komanda, arbitrlər və s. – bunlar hamısı pul tələb edir. Amma bunların hamısı mənim üçün "tikinti materialı"dır – mən Azərbaycanın futbol binövrəsini yenidən qurmaq istəyirəm! Azərbaycanın mövcud, artıq geridə, qalmış futbol strategiyası bu günün tələblərinə uyğun olmadığından, onu islahatlara məruz qoyaraq yeni, torpaqlarını azad etmiş Azərbaycana layiq futbol yaratmaq lazımdır!
- Maraqlıdır… Bəs son vaxtlar hamını heyran edən “Qarabağ” futbol klubu – onlar axı bu gün beynəlxalq futbol aləmində ciddi nailiyyətlərə imza atırlar…
- Bəli, tamamilə düz deyirsiniz. Hörmətli Qurban Qurbanov və “Qarabağ” klubunun bütün heyəti mövcud top bürokratiyası şəraitində bu cür nailiyyətlər göstərillərsə, onlar Vətən Qəhrəmanlarıdır! Amma onların imkanlarında mənim dediyim yeni, müasir texnologiyalar olsa, yerli və keyfiyyətli futbolçu bazası, qələbəyə aparan texnologiyalar və sözsüz ki, kifayət qədər pul olsa, onlar dünyada birincilər sırasında və ya birinci olarlar. Azərbaycanda “Qarabağ” komandasından kənarda da istedadlı futbolçular var - yaxşı, gənc futbolçular, burada mənim “VurCup”ımda da mən onları hər gün görürəm. Amma onların yüksək səviyyəyə çatlmalarına imkan yoxdur. Bir tərəfdən burokratiya, digər tərəfdən tənbəllik və savadsızlıq! Bütün yüksək səviyyəli akademiyalar - "Bavariya", "Hamburq" və s. ildə 4-5 gənc oyunçu yetişdirir və oyuna buraxır, ona görə də Avropada gənc futbolçuların öz üzərilərində işləməyə ciddi stimulları var. Bundan əlavə, Azərbaycana yaxşı məşqçilər lazımdır, dünya səviyyəli məşqçilər. Mən demirəm ki, Azərbaycan məşqçiləri pisdir, sadəcə, hesab edirəm ki, onlar yeniyetmələrlə kifayət qədər işləmirlər. Hamı o saat pul qazanmaq istəyir, amma bu da köhnə texnologiyadır – pul qazanmaq üçün zəhmət qoymaq lazımdır! Bu, Azərbaycan ilə Avropa futbolu arasında olan böyük fərqlərdən biridir.
- Artıq 10 dəqiqədi səninlə maraqlı söhbətlər aparırıq və apardığım müşahidəyə görə səsin çox da gur deyil… Səncə, səni "yuxarılarda" eşidəcəklər?
- "Yuxarılardan" nəsə gözləməyin özü də köhnə texnologiyadır. Hər şeyi özümüz etməliyik, edirik və edəcəyik də! Mən burada təkcə komandalarla deyil, hər bir futbolçuya fərdi diqqət edirəm. Avropada da bütün akademiyalar bu prinsip əsasında fəaliyyət göstərir. Yaxşı olar ki, "yuxarılarda", "aşağılarda" arada bizim turnirə gəlib, heç olmasa, yeni futbolçulara diqqət yetirsinlər. Çox təəssüf ki, nə əlaqəli təşkilatlar, nə birinci və ya ikinci liqaların məşqçiləri qəlib mənim “VurCup”ımda oyunlara baxıb perspektivli oyunçuları seçmirlər. Milli futbolumuzu qaldırmaq üçün bu ən əlverişli yanaşmadır. Turnirimdə mən hər gün çox istedadlı yeniyetmələrlə rastlaşıram. Onlar Allah vergisi ilə "silahlanmış", lakin peşəkar savada malik olmayan gənc futbolçulardır. Hücumçuya qol vurmaq üçün qol vurmaq və driblinq bacarığı lazımdır. Künc zərbələrində düzgün hərəkət etməyi çox az oyunçu bilir. Yaxşı olardı ki, milli məşqçilərimiz “VurCup”a gəlib gənc futbolçuları seçib onları komandalara alıb savadlandırsınlar. Futbol belə yaranır!!!
- Bəs bunlar bunu etmirlərsə, demək, sənin planların utopikdir və bəhrəsini verməyəcək?
- Çox yaxşı bəhrə verəcək! Dediyim kimi, mənim ideyamın əsasında futbolçu durub! Əsl futbolçu, milli ruhla "silahlanan" və qələbə əzmi ilə dolu olan dəliqanlılar! Bu gün internet erasıdır. Uşaqlar özləri "Youtube" vasitəsi ilə dərsliklər tapır və hər şeyi özləri öyrənir! Bizim birinci hədəfimiz üç ilə Azərbaycanın birinci liqasına çıxacaq komanda hazırlamaq və altı ilə UEFA kubokunu qazanmaqdır! Biz, Şuşa qalasını yalın əllərlə azad edən millət buna qadirdik! Üzrlü hesab edin, Vahid müəllim, oyunlardan sonra uşaqlar üçün diskoteka təşkil edirəm və özüm də DJ-lik edirəm, odur ki, sizi mənim barəmdə yaranan rəngarəng təəssüratlarla təkbətək qoyub getmək məcburiyyətindəyəm.
- Bir sualım da var, düzü, məni çox narahat edir – niyə turnirin adını “VurCup” qoymusan? Yarısı azərbaycanca, yarısı ingiliscə…
- Hərəklətlərimdə yaşıma uyğun hansısa uşaqlıq olmalıdır axı (gülür – müəllif).
Bax belə... Bu söhbəti sizə, əziz dostlarıma çatdırmaya bilməzdim. Çox maraqlıdır və ibrətamizdir. Döğrudan da, axı niyə “yuxarılar”, heç olmasa, həftədə bir dəfə "aşağıya" baxıb Altay kimi dəliqanlıları görmürlər? Niyə 100 minlərlə dollara legioner gətirərək yerli futbolu məhv edirlər? Sözsüz ki, mən bilirəm niyə və bu ağrı ilə uzun illərdir yaşamaq məcburiyyətindəyəm - həm mən, həm də siz. Bir dəfə Altaydan gələn ordu bizi xilas etdi, in şa Allah, futbol məsələsində də Altay Azərbaycana dəstək olacaq!