BLOQ

"Amerika xəyalı" necə gerçəkləşdi?

Allaha şükranla!

"Amerika xəyalı" necə gerçəkləşdi?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Altı il əvvəl yola çıxmışdıq.

    İşim əlimdən alınmış, sevərək çalışdığım ANS bağlanmışdı. Özüm də dövlət şərinə məruz qalmışdım. İş almaq şansım yox idi. Ya yaltaq olacaqdım, ya yeniləcəkdim. Heç biri mənlik deyildim.

    Ölkədən çıxışım qadağan olunmuşdu. Çıxdım... Bax, çıxarkən bu şəkli çəkdirdik, düz sərhədin qapısında…

    Cibimdə cəmi 3 min dollarım var idi. Uşaqlara yataq mebeli almaq üçün toplamışdım. Heç bir zaman maddi zəngin olmamışam. Amma Allahın verdiyi sağlam düşüncə ilə özümü zəngin hiss edirdim. İnandığım həqiqət də var idi - bilik və zəhmət. Parlaq zəkası olan uşaqlarımın fərqində idim. Onların zəkasını qohumluq əlaqələrinin hakim olduğu cəmiyyətə həvalə edə bilməzdim.

    Bu yolla gəlib Arlingtondakı birotaqlı mənzildə kirayə qaldıq. Bir aylıq kirayəmiz 1300 dollar idi. Yemək və növbəti ayı düşünməli idim. Biz belə başladıq “American dream”ə. Bilirsiniz, mən özümlə cehizlik köhnə qazanımı da Amerikaya gətirmişdim. Amerikada ev əşyaları haradan alınır, onu belə bilmirdim.

    Eh, o qazanı aeroport yanındakı köhnə "Sədərək"dən özüm almışdım. Mamam ağır xəstə olduğu üçün bu işləri özüm görməli olmuşdum. Oradan dönüşdə məni güclü başağrısı tutmuşdu. Kirayə qaldığımız evə çatanda ağrı məni daha pis bir hala saldı. Bir də gördüm, ağır xəstəlikdən gücünü itirmiş mamam yataqdan qalxdı. Mənim beyin kötüyümü möhkəm ovuşdurdu…O əli heç vaxt unutmaram.

    Hə, qazan bizimlə Amerikaya gəldi. Mən onda bulğur bişirməyi öyrəndim. Bulğur barədə ilk dəfə türk tarixindən oxumuşdum. "Diriliş Ərtuğrul" filmində ən çox yeyilən yemək idi… Nə isə, mən babalarımızın yaşıl torpaqlar axtarışı üçün çıxdığı yolda özlərinə seçdikləri bu qidanı kiçik ailəmizin əsas qidası etdim. Onu sevərək bişirdim. Sən demə, mən bişirdikcə, böyük oğlum Fərhadda bir düşüncə yaratmışam. Onun Amerika universitetləri üçün yazdığı ESSAY mənim o cehizlik qazanım və bulğur barədə olub. Bundan yeni xəbər tutmuşam…