16:30
Oleq Bakinski (Oleq Krapivin) ilə birgə ittiham olunan Ukraynanın müdafiə sənayesinin sabiq naziri Konstantin Kuçerə Amnistiya aktı şamil olunub.
Ədliyyə Nazirliyi Probasiya xidmətinin bununla bağlı təqdimatına Qaradağ rayon Məhkəməsində baxılıb.
Hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Konstantin Kuçerin cəzası 6 ay azaldılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Konstantin Kuçerə ittiham olunduğu 178.4-cü maddə üzrə bəraət verilib. İttiham olunduğu 221.3-cü maddə üzrə isə qəti olaraq 2 il 6 ay müddətinə həbs cəzası təyin edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Oleq Krapivinə isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, 6 ay sınaq müddəti seçilməklə cəzası şərti hesab olunub. Ona Amnistiya aktı şamil olunub və Xətai rayon məhkəməsinin qərarı ilə şərti cəzadan azad edilib.
Qeyd edək ki, “Oleq Bakinski” 2024-cü ildə Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinib. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
***
16:20
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə Amnistiya aktı şamil olunub.
Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və onun cəza müddəti 6 ay endirilərək, qəti olaraq 4 il 6 ay müddəti müəyyən olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb.
Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.
R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda təqsirli bilinib.
Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, Ramiz Vəliyev 5 il müddətə azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq o, 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan da məhrum edilib.
***
14:48
"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixindən 26 yanvar 2026-cı il tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 12 min 336 şəxs barəsində tətbiq olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, amnistiya tətbiq olunan şəxslərin 4977-si müəyyən müddətə azadlıqdan məhrumetmə, 6613-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrum etməcəzasına məhkum olunmuş 734 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə) azad edilib.
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 13 nəfər və Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 13 nəfər də cəzadan azad olunanlar arasında yer alıb.
Amnistiya tətbiq edilmiş şəxslərdən 1021-i böyük ictimai təhlükə törətməyən, 10 min 502-si az ağır, 813-ü ağır cinayətlər törətmiş şəxslərdir.
Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 11 min 761-i kişi (onlardan 17-si yetkinlik yaşına çatmayan şəxslərdir), 575-i isə qadındır.
5 dəqiqə