Antalyada kanat qəzası: təxliyə başa çatdı
Aprelin 12-də Konyaaltı bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində 1 nəfər həlak olub, 10 nəfər yaralanıb
19:13
Türkiyənin Antalya vilayətində baş verən kanat xətti qəzası nəticəsində kabinələrdə qalan vətəndaşların təxliyəsi başa çatdırılıb.
23 saat davam edən təxliyə işləri üçün bölgəyə Türkiyənin müxtəlif qurumlarının 543 nəfərlik axtarış-xilasetmə qrupları, 80 nəfərlik alpinist heyəti, eləcə də bir hərbi karqo təyyarəsi, yeddi helikopter, 108 xüsusi avtomobil, altı ambulans və çoxlu sayda dron cəlb edilib.
Yaralananlar xüsusi helikopterlərlə xəstəxanalara çatdırılıblar.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç hadisə ilə bağlı tədqiqatın başlandığını, kanat xəttini işlədən və təmirindən məsul şəxslərin də aralarında olduğu 13 nəfərin saxlanılmasına qərar verildiyini deyib.
Xatırladaq ki, aprelin 12-də Türkiyənin Antalya vilayətinin Konyaaltı bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində xəttin kabinələrindən biri qayalıq əraziyə düşüb. Hadisə zamanı bir nəfər həlak olub, on nəfər yaralanıb.
***
14:54
"19 kabinədə olan 137 nəfər xilas edilib”. Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib. 5 kabinədə 29 nəfərin təxliyəsi davam edir.
Xatırladaq ki, aprelin 12-də Antalyanın Konyaaltı səmtində kanat kabinəsi aşıb. 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
***
09:47
Türkiyənin Antalya vilayətində kanat yolunda qalmış insanların xilas edilməsi əməliyyatı davam etdirilir.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Onun sözlərinə görə, strukturun dayaqlarından birinin uçması nəticəsində kanatda qalmış 184 nəfərdən 98-ni xilas etmək mümkün olub.
Xilasetmə əməliyyatlarına 7 helikopter və 542 xilasedici də cəlb olunub.
Xatırladaq ki, aprelin 12-də Antalyanın Konyaaltı səmtində kanat kabinəsi aşıb. 1 nəfər ölüb, 10 nəfər yaralanıb. 15 kabinədan 98 nəfər təxliyə edilib. 9 kabinədə xilasetmə işləri davam edir.