XƏBƏRLƏR / Siyasət

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Bu barədə NBS telekanalı xəbər verib

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 16:10

    Pekində səfərdə olan ABŞ-ın Dövlət katibi Antoni Blinken ilə Cin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş gərgin keçib.

    NBS telekanalı xəbər verir ki, Çinin lideri iki ölkə arasında münasibətlərdə mənfi tendensiyanın davam etdiyini və bunun bütün dünya üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağını bildirib.

    Blinken Çin liderinə bildirib ki, Prezident Co Bayden onu Çinə “əməkdaşlıq sahələrini dərinləşdirməyə, eləcə də mövcud fikir ayrılıqlarını məsuliyyətlə idarə etməyə” göndərib. O qeyd edib ki, bu il ABŞ ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 45-ci ildönümüdür və iki ölkə “düşmən deyil, tərəfdaş olmalıdır”.

    Antoni Blinkenlə daha əvvəl görüşən çinli həmkarı Van Yi isə deyib: “Dünya həm Çinin, həm də ABŞ-ın eyni vaxtda inkişafı və rifahı təmin etmək üçün kifayət qədər böyükdür. Vaşinqtonun pozitiv və konstruktiv mövqe tutması ABŞ-Çin münasibətlərini sabitləşdirəcək”.

    Bu, Blinkenin bir ildən az müddətdə Çinə ikinci səfəridir, çünki iki fövqəldövlət artan geosiyasi fikir ayrılıqlarına baxmayaraq, yenilənmiş danışıqlarla əlaqələri sabitləşdirməyə çalışır.

    Blinkenin Çinə səfərinin əsas məqsədi Moskva və Pekinin 2022-ci ildə “məhdudiyyətsiz” tərəfdaşlıq elan etməsindən həftələr sonra başlayan Ukraynaya qarşı Rusiyanın müharibəsi ilə bağlı fikir mübadiləsi aparmaq və qarşı tərəfin mövqeyini dəqiqləşdirməkdir. Amma Pekin Moskvaya hərbi yardım göstərmədiyini iddia edir. Blinken isə keçən həftə dəzgahlar, yarımkeçiricilər və Rusiyanın müdafiə sənayesi bazasına töhfə verən digər ikili təyinatlı texnologiyalarla bağlı narahatlığını ifadə etmişdi.

    ***

    13:47

    ÇXR sədri Si Cinpin Pekində ABŞ diplomatiyasının rəhbəri Antoni Blinkenlə görüşüb.

    Çin Mərkəzi Televiziyası xəbər verir ki, ÇXR lideri ABŞ Dövlət katibini aprelin 26-da günortadan sonra Pekində Xalq Yığıncaqları Sarayında qəbul edib. Görüşün digər təfərrüatları barədə hələlik məlumat verilmir.

    Antoni Blinken bundan əvvəl Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşmüşdü.

    Qeyd edək ki, ABŞ Dövlət katibi aprelin 24-də Çinə işgüzar səfərə gəlib. Səfərə ilk olaraq Şanxaydan başlayan Antoni Blinkenin bu gün Birləşmiş Ştatlara qayıdacağı gözlənilir.

    ***

    12:07

    ABŞ-ın Dövlət katibi Antoni Blinken Çinə səfəri çərçivəsində bu gün Pekində Çin Sədri Si Cinpinlə görüşəcək.

    Bu barədə AFR ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadla məlumat yayıb. Lakin bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.

    Antoni Blinkenin Çinə səfəri aprelin 24-də Şanxaydan başlayıb. Bu, onun Birləşmiş Ştatların dövlət katibi vəzifəsində ÇXR-ə ikinci səfəridir. Danışıqlarda ikitərəfli, regional və qlobal problemlərin, o cümlədən Ukrayna və Yaxın Şərq münaqişəsinə dair məsələlərin müzakirəsi planlaşdırır.

    Dövlət katibinin ÇXR-ə səfəri aprelin 26-də başa çatacaq.