Avropa Siyasi Birliyinin Sammiti maraqlı keçəcəyini vəd edir
Bu birlik həmişə ABŞ-ın üstünə gələn Avropanın qərarsızlığının klassik göstəricisidir
Bu gün Budapeştdə Avropa Siyasi Birliyinin (ASB) növbəti sammiti işə başladı. Əvvəllər də qeyd etdiyimiz kimi, ASB Ukraynadakı müharibədən sonra ATƏT-i əvəz etmək təşəbbüsüdür. Burada əsas meyar siyasi çalarlara malik coğrafi amildir: ABŞ, Kanada, Rusiya, Belarus və Mərkəzi Asiya ölkələri istisna olmaqla, bütün ATƏT üzvləri görüşlərə dəvətlidir.
Böyük Britaniyanın da cəlb edildiyi ASB Avropa İttifaqının himayəsi altında olan sırf Avropa platformasıdır. Lakin artıq ikinci ildir ki, bu platforma çərçivəsində yalnız görüşlər keçirilir, nə institutlaşma var, nə gündəm yaradılıb, nə də sonrakı addımlar və perspektivə baxış təklif olunur.
ASB həmişə ABŞ-a tərəf boylanan Avropanın qərarsızlığının klassik göstəricisidir. Əgər ASB kimi forum yaradıblarsa, onda növbəti addım ATƏT-in buraxılması olmalıdır ki, biz bunu hələ görmürük. Halbuki, ATƏT öz resurslarını artıq tükəndirib, Avropada nə təhlükəsizlik, nə də əməkdaşlıq qalıb.
ATƏM ABŞ və SSRİ arasında razılaşmanın nəticəsi idi. Sonradan transformasiyaya uğrayaraq ATƏT-ə çevrilən təşkilat isə SSRİ-nin dağılması və ABŞ, Rusiya, Avropa arasındakı konsensusu əks etdirirdi.
Aİ nə qədər çalışsa da, Avropanın təhlükəsizlik məsələlərində aparıcı rol oynamağı heç vaxt bacarmayıb və hazırda da bacarmır.
Tramp seçiləndən sonra Avropa liderləri ABŞ-ın Avropaya təhlükəsizlik yardımının azalması, hətta kəsilməsi gözləntisi ilə üzləşiblər. Əslində, Avropa liderləri müstəqil hərəkət etmək, daha subyektiv olmaq, geosiyasi vahidə çevrilmək imkanı əldə etdiklərinə görə sevinməlidirlər.
Bu baxımdan, ASB forumu vacib bir suala cavab verməlidir: Forum sadəcə görüşlər çərçivəsindən kənara çıxıb, təhlükəsizlik və əməkdaşlıq qaydalarını inkişaf etdirən yeni, sırf Avropa münasibətlər sisteminin yaradılmasının carçısı olacaq, yoxsa hər şey ümumi fotolar, ümumi müzakirələr və ikitərəfli görüşlər səviyyəsində qalacaq?
Budapeştdə keçirilən ASB sammiti Macarıstanın Baş naziri, Türk Dünyası ordenli, yeni seçilmiş prezident Trampın dostu Viktor Orban üçün yaxşı fürsətdir. O, ABŞ seçkilərində düzgün tərəfi tutdu və indi öz seçiminin faydasını görəcək. Macarıstan Aİ-yə sədrlik edən ölkədir, lakin Aİ liderləri və xarici işlər nazirləri Budapeştdəki sammitlərə qatılmayıblar. İndi isə hamısı Macarıstan baş nazirinin yanında olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev ASB sammitində iştirak etməyəcək. Azərbaycan Prezidentinin iş qrafiki gərgindir: O, Bişkekdən yenicə qayıdıb və sabah Vətən Müharibəsində Qələbə Günüdür. Gələn həftə isə COP29 çərçivəsində Bakı üçün maraqlı olan əsas Avropa liderlərinin - Böyük Britaniya və Macarıstan baş nazirlərinin paytaxtımıza səfərləri gözlənilir. Orbanla Bişkekdə də təmaslar olub.
Beləliklə də, Avropa çağırışa cavab verməlidir və ASB formatı bu cavabın rəsmiləşdirilə biləcəyi platformadır. Avropa ölkələri Aİ rəhbərliyindən qətiyyətli addımlar gözləyir, əks halda ASB sammitləri öz cəlbediciliyini itirəcək və etibarlılıq resursunu tükəndirəcək. ATƏT-in və onunla birlikdə ATƏT-in Minsk Qrupu kimi uğursuz formatların dağılması qaçılmazdır. Bu nə qədər tez baş versə, Avropa bir o qədər də subyektiv olacaq.