Avropaya getmək vədi ilə aldadılan əcnəbilər tutuldu
Dövlət Miqrasiya Xidməti xəbər verir
Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı Bakı şəhərində müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan və qanunsuz miqrasiyanı təşkilində iştirak edən 20 əcnəbi saxlanılıb.
Bu şəxslərdən 18-nin 5-8 min dollar qarşılığında Azərbaycan ərazisindən istifadə etməklə Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daşınılması vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edilməsi müəyyən olunub.
Təşkilatçılar xarici ölkədə yerləşən turizm şirkəti vasitəsilə əcnəbilərin asan yolla Avropa İttifaqı ərazisinə daşınılmasına dair təbliğat aparıb, Azərbaycana gəldikdən sonra 18 əcnəbinin sənədlərinin hazırlanmasına inandırmaq məqsədi ilə pasportlarını alıb, onların pulunu mənimsəyib və əcnəbilərin viza müddətində ölkə ərazisini tərk etmələrinə maneə yaradaraq qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb. Həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan qanunsuz əməlləri törədən 2 əcnəbi müəyyən edilərək saxlanılıb və aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.