Avstriyada üçgünlük matəm elan olunub
Matəm günləri ilə əlaqədar Nazirlər Kabinetinin təcili iclasında müvafiq qərar qəbul edilib

Avstriyanın Qrats şəhərində baş vermiş terror hadisəsindən sonra ölkədə dövlət səviyyəsində üçgünlük matəm elan olunub.
İyunun 11-də saat 10:00-da (Bakı vaxtı ilə saat 12:00-da) silahlı hücumun qurbanları bütün ölkədə bir dəqiqəlik sükutla yad ediləcək, üçgünlük matəm müddətində dövlət bayrağı yarıyadək endiriləcək. Matəm günləri ilə əlaqədar Nazirlər Kabinetinin təcili iclasında müvafiq qərar qəbul edilib.
Baş vermiş hadisə ilə bağlı ölkə əhalisi və siyasi partiyalar həmrəylik nümayiş etdirirlər. Dünyanın müxtəlif ölkələrindən başsağlığı və təsəlli mesajları verilir. Avstriyanın parlamentdə təmsil olunan üç siyasi partiyası yaxın günlərdə keçirilməli olan qurultaylarını təxirə salıb, eləcə də bir sıra rəsmi görüşlər, mədəni tədbirlər və konsertlər ləğv edilib.
Cinayətkar şəxsin hadisəni törətmək üçün motivləri ilə bağlı diskussiyalar davam edir. Daxili İşlər Nazirliyində İctimai asayiş üzrə baş direktor Frans Ruf 21 yaşlı terrorçunun vida məktubunun tapıldığını təsdiqləsə də, həmin mətndə cinayətin motivinə dair heç bir məqam olmadığını da ifadə edib.
Xatırladaq ki, iyunun 10-da Avstriyanın Qrats şəhərində məktəbdə atışma baş verib. Son məlumatlara görə, azı 11 nəfər həlak olub. Atəş açan 21 yaşlı Avstriya vətəndaşı hücumdan sonra məktəb tualetində intihar edib.