XƏBƏRLƏR / Mədəniyyət

Avstriyanın Azərbaycandakı səfirliyində Nəsimi yaradıcılığı

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərin əməkdaşları iştirak ediblər

Avstriyanın Azərbaycandakı səfirliyində Nəsimi yaradıcılığı
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Avstriyanın Azərbaycandakı səfirliyində İmadəddin Nəsiminin yaradıcılığına həsr olumuş bədii musiqili gecə keçirilib.

    Bu, Avstriyanın Azərbaycandakı səfiri cənab Tomas Şuller Götzburqun xanımı Tran Thi  Xan Trangın təşəbbüsü ilə Şərq və Qərbi birləşdirən körpülər silsiləsindən ilk tədbir idi.

    Əslən vyetnamlı olan xanım Trangın öz mənzilində böyük sevgi ilə təşkil etdiyi bu tədbirin mövzusu -  Nəsimi, onun ədəbi və fəlsəfi yaradıcılığı idi. Tədbirin digər təşkilatçısı isə ixtisasca həkim olan, ədəbi, fəlsəfi irsimizi sevib təbliğ edən, klassik ədəbi şəxsiyyətlərimiz, eləcə də, Nəsimi barədə geniş məlumata malik olan Arzu Rüstəmova idi.

    O və rəhbərlik etdiyi Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Erkən Müdaxilə Mərkəzinin Avstriya səfirliyi ilə birgə dostluq yə əməkdaşlığı sayəsində böyük Nəsimi bir daha yad edilib, beynəlxalq auditoriyaya təqdim edilib. 

    Tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərin əməkdaşları iştirak ediblər.

    Nəsiminin "Neylərəm", "Sığmazam" və digər əsərləri Səbinə Ərəblinin təkrarsız ifasında məclisə sehrli bir ovqat verib. Tədbirin məxsusi ruhu, fərqli mədəniyyət daşıyıcılarını ortaq bir nöqtədə valeh edə bilməsi, Nəsimi dühasına heyranlıq bir daha göstərib ki, Qərb və Şərqi birləşdirən bu ortaq dəyərlər üzərindən yola çıxaraq dünyada bir çox ziddiyyətləri cözmək mümkündür.

    Tədbirdə filologiya elmləri üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva çıxış edərək Nəsimi və hürufiliyin dinlər və millət arasındakı barışdırıcılığı təbliğ etdiyini, Nəsimi və mənsub olduğu hürufiliyin təsir dairəsinə Balkanlardan Hindistanadək böyük bir coğrafiyaya aid söz və fikir insanlarının daxil olduğunu vurğulayıb. Nəsimi və hürufiliyin Azərbaycanla bağlı olub geniş coğrafiyada eşq fəlsəfəsini təbliğ etdiyini, bu eşqin Yaradanla birgə yaradılmışa da yönəlik olduğunu nəzərə çatdırıb. Tədqiqatçı hürufiliyin Qərb, xüsusilə yunan fəlsəfəsindən təsirlənməklə yanaşı, özündən sonra geniş coğrafiyada nüfuz dairəsi yaratmasına da diqqəti çəkib.

    Bir sözlə, Avstriyanın Azərbaycandakı səfiri cənab Tomas Şuller Götzburq və  xanımı Tran Thi Xan Trangın böyük qonaqpərvərliklə səfirliyin iqamətgahında keçirdikləri bu məclis sözün əsil mənasında, elm, ədəbiyyat, fəlsəfə, incəsənət  keçəsinə çevrilib. Bütün bunların vəhdətindən yaranmış Nəsimi poeiyasının bəşəri dəyrləri, birləşdirici, sülhpərvər mahiyyəti vurğulanıb. Tədbirin təşkilində zəhmməti keçən “Uşaqların Sağlam Gələcəyi” İB-nin rəhbəri, gözəl ziyalımız, həkim  Arzu Rüstəmovaya səfirə, onun xanımına, digər səfirliklərdən gələn qonaqlara dərin minnətdarlığını bildirərək, qeyd edib ki, xalqlar bir birlərini tanımağa, yaxınlaşmağa, mədəniyyətlər arasında körpülər qurmaqla başlamalıdırlar.