Ayxan Hacızadə Jan Noel Baronun səyaqlamasına cavab verdi
XİN sözçüsü Fransa xarici işlər nazirinin bölgədə dayanıqlı və həqiqi sülh quruculuğuna xidmət etmədiyini vurğulayıb
6 may tarixində Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik.
XİN sözçüsü Ayxan Hacızadə belə deyib.
"Fransa naziri tərəfindən Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsi ilə bağlı “Dağlıq Qarabağ” kimi ifadələrin istifadəsi qəbuledilməzdir.
Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dönəmdə Fransa tərəfinin Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, mədəni və dini irsin qorunmasını şübhə altına alan bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik.
Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində yüzlərlə məscid və digər mədəni irs nümunələrinin dağıdılması faktını görməməzliyə vuran Fransa nazirinin işğal dönəmindən qalan bəzi tikililərin sökülməsi məsələsinə dair şərh verməsi, bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsində gedən prosesə yersiz istinadı ikili yanaşmanın bariz nümunəsidir.
Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur.
Fransanın YUNESKO tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının relllaşması məsələsinə dair çağırışları reallıqların açıq-aşkar təhrif edilməsidir. Məhz Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılmasına çağırışlar etsə də təəssüf ki, bu məhz Ermənistan və Fransa kimi ölkələrin məlum əngəlləri nəticəsində mümkün olmayıb. YUNESKO-nun özü 2005-ci il hesabatında bu faktı təsdiqləyib.
Fransa nazirinin bu kimi açıqlamaları bölgədə dayanıqlı və həqiqi sülh quruculuğuna xidmət etmir".
2 dəqiqə