Azərbaycan 4 cinayətkar ermənini Ermənistana təhvil verdi
Vaqif Xaçatryan, Gevorg Sujyan, David Davtyan və Viken Eulcekcian azad edilməsini Paşinyan elan edib
Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistana təhvil verilib.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.
"Gevorq Sujyan, Davit Davtyan, Vigen Euljekjyan və Vaqif Xaçatryan Hakar körpüsündə Azərbaycan Respublikasının müvafiq qurumlarının nümayəndələri tərəfindən təhvil verilib və hazırda Ermənistan ərazisindədirlər," - Paşinyan yazıb.

Bu proses həmçinin Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülhün praktiki nəticələrindən biridir.
Təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib. Məhkumlar, həmçinin, Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.
Onların sırasında səhhəti qənaətbəxş olmayan Vaqif Xaçatryana bütün zəruri tibbi yardım göstərilib və daim həkim müayinəsi altında olub.
ARAYIŞ:
Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndində törədilən soyqırımda iştirak etməkdə ittiham olunub. Yasamal Rayon Məhkəməsi tərəfindən 15 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin dekabr ayının sonlarında onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilib.
David Davtyan və Gevorq Sujyan 28 iyul 2021-ci ildə Bakı məhkəməsi tərəfindən 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Cəzalarını çəkdikdən sonra onlar Azərbaycandan deportasiya olunmalı idilər. İttiham aktına görə, Davtyan və Sujyan əvvəlcədən sui-qəsd yolu ilə Azərbaycan sərhədini qanunsuz keçərək casusluq ediblər, hərbi məlumatlar toplayıb Ermənistan kəşfiyyat xidmətlərinə ötürüblər.
Vigen Euljekjyan 2020-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3 (muzdluluq), 214.2.1 və 214.2.3 (terrorizm), 228.2.1 (qanunsuz olaraq odlu silah və sursat əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 279.1 (qanunla nəzərdə tutulmayan silahlı qruplar yaratma) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət törətməkdə ittiham olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Euljekjyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasının ilk beş ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli islah müəssisəsində çəkməsi nəzərdə tutulur.
2 dəqiqə