XƏBƏRLƏR / Hadisə

“Kəlbəcər” tankeri Türkiyə sahillərində qəzaya düşüb

YENİLƏNİB

“Kəlbəcər” tankeri Türkiyə sahillərində qəzaya düşüb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 16:07

    İstanbulda Kiçikçəkməcə lövbər rayonunda əlverişsiz hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zəncirinin “Alatepe” tankerinin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb.

    ASCO-dan verilən xəbərə görə, əməliyyat zamanı kənar xilasetmə qüvvələrinin müdaxiləsinə ehtiyac yaranmayıb. Belə ki, “Kəlbəcər” tankerinin heyəti mühərriki işə salaraq, gəmini dayaz sudan çıxarıb və dərin suya təhlükəsiz şəkildə keçid edib.

    Hadisə nəticəsində gəmiyə ziyan dəyməyib, dəniz mühitinə hər hansı zərər və ya sızma qeydə alınmayıb.

    Hazırda “Kəlbəcər” tankeri istismara tam hazırdır və növbəti səfər üçün təlimat gözləyir.

    ***

    14:07

    İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı "Alatepe" tankerinin pərinə ilişib.

    ASCO-dan cavab olaraq bildirilib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.

    "Kəlbəcər" tankeri

    Bildirilib ki, hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı gəmidə yük olmayıb.

    Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur. Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.

    Xatırladaq ki, Türkiyə KİV-in məlumatına əsasən, İstanbulun Mərmərə dənizi sahillərində Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tankerdən həyəcan siqnalı daxil olub. 141 metr uzunluğundakı "Kəlbəcər" və 115 metr uzunluğundakı "Alatepe" tankerləri toqquşub. Qəzada ölən və xəsarət alanların olmadığı bildirilib.

    ***

    13:50


    İstanbulun Mərmərə dənizi sahillərində Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tankerdən həyəcan siqnalı daxil olub.

    Hadisə yerinə xilasetmə qrupları cəlb edilib.

    Türkiyə KİV-inin yaydığı məlumata görə, 141 metr uzunluğundakı "Kəlbəcər" və 115 metr uzunluğundakı "Alatepe" tankerləri toqquşub.

    Qəzada ölən və xəsarət alanların olmadığı bildirilib.

    Hadisənin fırtına səbəbindən baş verdiyi vurğulanıb.

    ***

    13:34


    İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən “həyəcan siqnalı” alınıb.

    Türkiyə mətbuatı xəbər verir ki, hadisə yerinə xilasetmə qrupları cəlb edilib.

    Nəqliyyat və İnfrastruktur Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Bəyanatda deyilir: "141 metr uzunluğunda "KƏLBƏCƏR" adlı tanker və 115 metr uzunluğunda "ALATEPE" adlı tankerlərin Küçükçekmece Lövbər Limanında təmasda olması və gəmilərin sahilə yaxın olması səbəbindən quru xilasetmə qrupumuz və Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus "KURTARMA-9" yedək gəmisi dərhal hadisə yerinə göndərilib".