BLOQ

Azərbaycan - enerji təhlükəsizliyində rolu olan ölkədir

Bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmi işçisi Orxan Bağırov söyləyib

Azərbaycan - enerji təhlükəsizliyində rolu olan ölkədir
  • Oxuma müddəti:

    10 dəqiqə

  • Ötən ayın son günü daha bir əlamətdar hadisə ilə yadda qaldı. Belə ki, Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft-Qaz, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin açılışı oldu. Artıq 30 ilə yaxındır ki, ölkəmizdə Xəzər neft-qaz sərgisi keçirilir və bu sərgilər Azərbaycana öz enerji potensialını və bu sahədə əldə etdiyi uğurları xarici investorlara nümayiş etdirmək imkanı yaradır. Bu illər ərzində Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar və icra etdiyi beynəlxalq əhəmiyyətli layihələr onun dünya enerji xəritəsində mövqeyini əsaslı şəkildə möhkəmləndirib və ölkəmizi dünyada əsas enerji təminatçılarından birinə çevirib. Enerji sahəsində əldə edilmiş bu uğurlar ölkənin ümumi inkişafına da böyük dəstək verib, əhalinin rifah halını əsaslı şəkildə yaxşılaşdırıb və ölkə iqtisadiyyatının beynəlxalq investorlar üçün cəlbediciliyini əsaslı şəkildə artırıb. Buna görə də hər il Xəzər neft-qaz sərgisinə olan maraq artır və daha çox xarici investor bu sərgidə iştirak etməyə çalışır. Bu il sərgidə iştirak edən şirkətlərin sayının ötən illə müqayisədə 25-30 faiz çox olmasını buna misal göstərmək olar. Belə ki, builki sərgidə 35 ölkədən 320 şirkət iştirak edir.

    Bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Orxan Bağırov söyləyib.

    O bildirib ki, bu il keçirilən sərgi əvvəlkilərlə müqayisədə daha əlamətdardır. Ona görə ki, bu il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi keçirilir. Məhz Ulu Öndər Azərbaycanı dünyaya tanıdıb, əsas enerji təminatçılarından birinə çevrilməsinə imkan yaradıb. Həmçinin ölkəmizin sosial-iqtisadi inkişafı üçün təməl rolu oynayan enerji strategiyasının banisidir. Ulu Öndərin uzaqgörənliklə əsasını qoyduğu bu siyasət 30 ilə yaxındır ki, uğurla davam etdirilir.

    Bu baxımdan 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan tarixində dönüş nöqtəsi kimi qəbul edilir. Təsadüfi deyil ki, ilk Xəzər neft-qaz sərgisi də həmin il keçirilib. Bu müqavilə dünyanın yeddi ölkəsindən olan 11 xarici neft şirkəti ilə imzalanıb. "Əsrin müqaviləsi" ilə Azərbaycan iqtisadiyyatının dünya ölkələri üçün açıq elan edilməsi sonrakı dövrdə dünyanın müxtəlif ölkələrindən olan 41 neft şirkəti ilə daha 32 müqavilənin imzalanmasına səbəb oldu və nəticədə neft sektoruna investisiya qoyuluşları 60 milyard dollara çatdı. Bundan sonrakı dövrdə Ulu Öndər və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən enerji strategiyası nəticəsində Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığı genişləndi, iqtisadiyyat hərtərəfli inkişaf etdi, dünya iqtisadiyyatında payı artdı, milli təhlükəsizliyin, iqtisadi və strateji maraqların qorunması üçün zəruri olan maliyyə ehtiyatları formalaşdırıldı. Azərbaycanda dayanıqlı inkişafın və iqtisadi müstəqilliyin təmin edilməsi isə öz növbəsində siyasi müstəqilliyimizin də möhkəmlənməsinə imkan yaratdı.

    Orxan Bağırov qeyd edib ki, 1994-cü ildən sonra Azərbaycanın enerji strategiyasının uğurlu nəticələri çox çəkmədən ölkənin dinamik iqtisadi inkişafına çevrildi və iqtisadiyyatımız sürətlə inkişaf etməyə başladı. Ümummilli Lider ölkə iqtisadiyyatına daxil olan neft gəlirlərinin düzgün istiqamətləndirilməsi, bu gəlirlərin əhalinin rifah halının yüksəldilməsi və mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə istifadəsi istiqamətində mühüm addımlar atdı. Nəticədə, 1995-2000-ci illərdə Azərbaycanda ÜDM-in həcmi 73 faiz artdı. Məhz bu uğurlu enerji və iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycan 30 il ərzində nəzərəçarpan iqtisadi inkişafa nail oldu, aşağı gəlirli ölkədən yuxarı orta gəlirli ölkə səviyyəsinə çatdı.

    Enerji siyasəti Prezident İlham Əliyev tərəfindən sonrakı illərdə uğurla davam etdirilib və təkcə neft sahəsində deyil, eyni zamanda, qaz və bərpaolunan enerji sahələrində də nəzərəçarpacaq uğurlar əldə olunub. Bu baxımdan Cənubi Qaz Dəhlizi (CQD) layihəsinin icrasını xüsusi qeyd etmək lazımdır. Bu meqalayihənin icrası nəticəsində Azərbaycan neftlə yanaşı, Avropaya qazın əsas ixracatçılarından birinə çevrildi. 3500 kilometr uzunluğunda, 3 hissədən ibarət olan bu layihə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əlaqələrin inkişafına böyük töhfə verməklə yanaşı, enerji təhlükəsizliyinin gücləndirilməsində və enerji mənbələrinin şaxələndirilməsində müstəsna rol oynayır. 2018-ci ildən CQD-nin ikinci hissəsi olan TANAP qaz boru kəməri vasitəsilə Türkiyəyə 21,5 milyard kubmetrdən çox qaz ixrac edilib. 2020-ci ildə CQD-nin sonuncu hissəsi olan TAP hazır olduqdan sonra indiyədək Avropaya 23,3 milyard kubmetr qaz nəql olunub. Ümumilikdə TANAP və TAP vasitəsilə təxminən 45 milyard kubmetr Azərbaycan qazı ixrac edilib.

    Son illərdə gedən geosiyasi proseslər isə enerji təminatçısı kimi Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb. Enerji ixracının artırılması məqsədilə Avropa İttifaqı ilə Azərbaycan arasında 2022-ci ilin iyul ayında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu anlaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan Avropaya qaz ixracını 2 dəfəyə qədər artıraraq 20 milyard kubmetrə çatdıracaq. Artıq bu proses başlayıb və 2022-ci ildə ümumilikdə Avropaya 8 milyard kubmetr qaz ixrac edilmişdisə, bu il 12 milyarda qədər artırılacaq.

    Bundan başqa, 2022-ci ildə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun işə düşməsi və 2023-cü ilin aprel ayında Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması Azərbaycana qaz ixracının coğrafiyasını əsaslı şəkildə genişləndirməyə imkan yaradacaq. Bunun nəticəsində Azərbaycanın qaz ixracının coğrafiyası 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişlənəcək. Eyni zamanda, qazpaylayıcı sistemin qurulması üçün Albaniya ilə danışıqlar aparılır, Serbiya isə Azərbaycan qazına çıxış əldə etmək üçün Bolqarıstanla boru kəməri layihəsini icra edir.

    "Azərbaycan bərpaolunan, yaşıl, o cümlədən elektrik enerjilərinin ixracı layihələri üzərində də işləyir. Artıq 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı üçün müqavilələr və anlaşma memorandumları imzalanıb, külək və günəş enerjisi stansiyalarının tikintisinə başlanılıb. 2022-ci ilin dekabrında isə Azərbaycandan Avropaya yaşıl enerji daşıyacaq elektrik kabelinin Qara dənizin dibi ilə çəkilməsi məqsədilə müqavilə imzalanıb. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji” Avropaya nəql ediləcək. Ümumilikdə 2027-ci ilə qədər Azərbaycan 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsalını planlaşdırır ki, onun da 80 faizi ixrac ediləcək.

    Bütün qeyd olunan layihələr, imzalanmış müqavilələr, planlaşdırılan layihələr Azərbaycanın enerji strategiyasının nə dərəcədə uğurlu olduğunu, ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyinin nə dərəcədə möhkəmləndiyini göstərir. Bunun nəticəsidir ki, daha çox dövlət Azərbaycanla əlaqələrini inkişaf etdirməyə, onun enerji resurslarına çıxış əldə etməyə çalışır.

    Orxan Bağırov bildirib ki, Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar dünyanın ən böyük dövlətlərinin başçıları tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda Xəzər neft-qaz sərgisinin keçirilməsi ilə bağlı ABŞ Prezidenti Co Bayden Prezident İlham Əliyevə ünvanladığı məktubda qeyd edib ki, keçirilən sərgi ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini göstərir. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır və təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir. C.Bayden onu da əlavə edib ki, qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüsləri onu sevindirir.

    Bu tədbirlə bağlı ünvanladığı məktubda Böyük Britaniyanın Baş naziri Rişi Sunak isə diqqətə çatdırır ki, etibarlı enerji tərəfdaş olan Azərbaycan qlobal enerji müstəvisində vacib rola malikdir. Azərbaycanın 2027-ci ilədək Avropaya nəql ediləcək təbii qazın həcminin 20 milyard kubmetrə qədər artırılması məsələsinə sadiqliyi artıq Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdədir. O, eyni zamanda, Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının inkişaf etdirilməsi və “yaşıl enerji”nin ixracatçısına çevrilməsi istiqamətindəki səylərini də alqışladığını qeyd edib.

    “İstər Co Baydenin, istərsə də Rişi Sunakın məktublarında qeyd olunan fikirlər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi və xarici siyasətin nə dərəcədə uğurlu və səmərəli olduğunu göstərir. Artıq dünyanın aparıcı dövlətlərinin rəhbərləri Azərbaycanı dünya ölkələri arasında enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayan dövlət kimi tanıyır və onun bərpaolunan enerji potensialının inkişaf etdirilməsi istiqamətində atdığı addımları alqışlayırlar. Bütün bunlar ölkəmizin daha da inkişaf etməsi, istər iqtisadi, istərsə də siyasi baxımdan daha da güclənməsi üçün baza formalaşdırır", - deyə o vurğulayıb.