BLOQ

İran Rusiyaya külli miqdarda silah-sursat tədarük edir

Rusiyaya məxsus yük gəmilərinin son aylarda İran limanlarından çıxdığı müşahidə olunub

İran Rusiyaya külli miqdarda silah-sursat tədarük edir
  • Oxuma müddəti:

    8 dəqiqə

  • Desəm ki, artıq inkişaf etmiş ölkələr xüsusi xidmətlərinə ayrılan büdcələri ciddi şəkildə azaldırlar, inanmayacaqsınız. Öz xalqının və dövlətinin mənafeyini qorumaq üçün əsasən casusluqla məşğul olaraq məlumat toplayan xüsusi agentlik və xidmətlərin sayı getdikcə azalır. Artıq pul, şantaj, sui-qəsd, qətllər, onillərlə düşərgələrdə hazırlanan 001, 002… 007 və s. agentlərin yerinə yumru eynəkli, oturmaqdan balaca "qarınçik"ləri əmələ gələn və həyatlarında ən ağır əşya olaraq qələm qaldıran "mama-papa uşaqları" gəlir. Niyə? Ona görə ki, artıq məlumat toplamaq və casusluq etmək çox asanlaşıb. Məsələn, ABŞ və ya digər ölkələrin prezidentlərinin və ya başqa VİP şəxslərin xüsusi və ya planlı təyyarələrinin nə zaman və haraya uçduğunu bilmək istəyirsinizsə, sadəcə, mobil telefonunuza APPSTORE və ya GOOGLEPLAY-dən “Flightradar24” (appları buradan yükləyə bilərsiniz - iOSAndroidmüəllif) tətbiqini yükləyin. Eyni izləmələri evdə, isti divanda oturub beynəlxalq sularda üzən bütün gəmilərə də tətbiq edə bilərsiniz. Bunun üçün isə, sadəcə, “MarineTraffic” tətbiqindən istifadə etsəniz, kifayətdir (appları buradan yükləyə bilərsiniz - iOS, Androidmüəllif).
    Belə ki, mən də işdən sonra, yumşaq divanda əyləşib, əlimə telefonumu götürüb həyat yoldaşıma müraciət etdim: “Əzizim, rica edirəm, bir xoruzpipiyi, pürrəngi çay gətir, mən də bir baxım görüm, İrandan Rusiyaya gəmi ilə nə vaxt və nə qədər silah-sursat daşıyırlar…”. Bu qədər asan.

    Soruşacaqsınız, bəs minlərlə "agent 007"in çoxu fitnes klublarda məşqçi, qalanları isə jurnalist kimi müxtəlif media qurumlarında həyatlarına davam edirlər. Onların ixtisarından dövlət büdcəsinə gələn pulları isə pensiyaçılara əlavə təqaüd kimi verirlər.

    Keçək mətləbə. Belə ki, həyat yoldaşım mənə çay gətirənə qədər “MarineTraffic” tətbiqi vasitəsi ilə İrandan Rusiyaya Xəzər dənizi vasitəsi ilə iri gəmilərin hərəkətlərini izlədim. Rusiya bayrağı altında üzən ən böyük gəmiləri tapdıq – bunlar “Musa Cəlil” və “Beqey” gəmiləridir. “MarineTraffic” tətbiqi göstərir ki, bu iki gəmi hələ yanvarın 9-da İranın Xəzər dənizindəki Əmirabad limanında dayanıb.

    Lakin sabahısı gün, yəni yanvarın 10-da yerli vaxtla səhər saat 10 radələrində “Musa Cəlil” gəmisi və ondan bir müddət sonra “Beqey” gəmisi də limanı tərk edir.

    İzləmə saytında hər iki gəminin naməlum səbəblərdən yanvarın 12-də Türkmənistan sahillərinə çatması və orada bir neçə gün dayandığı göstərilir.

    Sonra gəmilər Xəzər dənizini keçərək yanvarın 27-də Rusiyanın Həştərxan limanına çatır. Bir həftə Həştərxan limanında dayanandan sonra, fevralın 3-də yenidən yola düşürlər.

    Çox aydın və gördüyünüz kimi asan. Artıq bu məlumatlar əlimizdə olandan sonra hətta Axundov adına Milli Kitabxanadan böyük sayılan bir aləmə, internetə daxil olub son məlumatları izləyirik. “Iran”, “Russia”, “Weapon transportation” (silah-sursat daşınması – müəllif.) kimi sehirli sözlər yazan kimi ya “Google”, ya da “Aİ network” (Süni intellekt neyron şəbəkələrdə - müəlli) lazım olan məlumatları əldə edirsiniz. Soruşacaqsınız, bəs ingilis dilini bilməyənlər nə etsin? Bu da çox asandır, dostlar, sadəcə, “Google translate” vacib sözləri yazırsınız internetin ünvan xanasına və qarşınızda peşəkar tərcüməçi peyda olacaq (tərcüməçini buradan tapa bilərsiniz https://translate.google.com/ - müəllif) – orada istədiyinizi azərbaycanca yazıb, ingilis və ya istədiyiniz dilə tərcümə edərək axtarışa verə bilərsiniz. Qayıdaq bizim istintaqa. Nəhayət, lazım olanları tapdıq. Belə ki, böyük miqdarda güllə, raket, minaatan, ağır silahlar və artilleriya qurğularından ibarət yüklərin İran limanlarından çıxaraq Xəzər dənizi vasitəsilə, hazırda Ukrayna ilə müharibə aparan Rusiyaya getdiyi barədə məlumatlar kifayət qədərdir.

    Hələ 2022-ci ilin ortasında Ukraynada və elə həmin ilin sonunda Rusiyanın cəbbəxanalarında silah-sursat tükəndiyi üçün hər iki tərəf ümidsiz şəkildə döyüş sursatı almağa çalışıblar. Ölkələrin müdafiə nazirliklərinin məlumatlarına görə, müharibə boyu orta hesabla Rusiya gündə, təxminən, 20 min, Ukrayna isə 4 min artilleriya mərmisindən istifadə edir. Sadəcə, müqayisə üçün demək istəyirəm ki, ABŞ-ın 1991-ci ildə Küveytdə apardığı “Səhrada qasırğa” adlı 2 aylıq müharibə zamanı cəmi 50 min artilleriya mərmisi istifadə edilmişdi.

    Ukrayna silah-sursat üçün üzünü Qərb ölkələrinə tutduğu zaman Rusiya müttəfiqi olan İrana müraciət etdi və beləliklə, İran 2022-ci ilin sonundan bəri, demək olar ki, bu müharibədə Moskvaya orta mənzilli raketlər və  ucuz, lakin təsirli pilotsuz təyyarələr verməklə, dərindən iştirak edir.

    İngiltərənin "Sky News" kanalı təhlükəsizlik mənbələrinə istinadən bildirir ki, Rusiaya əhəmiyyətli sayda döyüş sursatı almaq üçün İrana külli miqdarda təyyarə ilə nağd pul göndərib. Deyilənlərə görə, rəsmi Tehran və Moskva arasında hələ Ukrayna ilə müharibə başlamazdan əvvəl, vaxtı gələndə Rusiya İranı “arxa baza” kimi istifadə etmək barədə saziş imzalamışdı. Qərb və Ukrayna rəsmiləri narahatdırlar ki, bu saziş əsasında İran Rusiyaya ballistik raketlər kimi daha ölümcül silahlar da tədarük edə bilər. Lakin onu da qeyd etmək lazımdır ki, bunu təsdiqləyən hələ heç bir sübut yoxdur.

    Yaxşı, gələk gəmilərə.

    İngiltərənin “The Guardian” agentliyi bildirib ki, İran Rusiyaya yeni tipli qabaqcıl silahlar göndərir. “Sky News” yollanılan silah-sursatın adı və hətta həcmini göstərən məlumatlar yayıb. Digər mənbələr də bildirir ki, İrandan Rusiyaya sursat daşıdığı iddia edilən iki böyük, 200-ə yaxın yük konteyneri daşımağa qadir yük gəmisi çıxıb. Mənbələr gəmilərin daşıdığı silah-sursat haqqında da çox təfərrüatlı şəkildə məlumat verir və iddia edirlər ki, konteynerlərdə hücum silahları və onları istifadə etmək üçün müxtəlif ölçülü - 5,56 mm, 7,62 mm, 9 mm, 12,7 mm və 14,5 mm-lik, təxminən, 100 milyon güllə daşınıb. Bundan əlavə, qumbaraatanlar üçün 40 mm-lik sursat, 107 mm-lik tank əleyhinə raketlər və müxtəlif ölçülü - 60 mm, 81 mm və 120 mm-lik minaatan mərmiləri, eləcə də 132 mm, 112 mm artilleriya raketləri, 115 mm və 125 mm zireh mərmiləri olmaqla, təxminən 300 000 mərmi və digər döyüş sursatları da daşınıb.

    Sözsüz ki, bu məbləğdə silah-sursatı təyyarə ilə daşımaq çox təhlükəli və bahalı layihədir. Elə bu səbəbdən yəqin diqqət iritonnajlı gəmilərə verilib. Bundan əlavə, təyyarələrin göydə vurulma ehtimalı var, gəmilərin isə Xəsər dənizində problem yaşamaları demək olar ki‚ sıfra bərabərdir. Xəzər ətrafı ölkələrin sakinləri isə, sadəcə, isti və yumşaq divanda oturub bu gəmiləri müxtəlif smartfon tətbiqləri ilə baxıb müşahidə edə bilərlər.