Azərbaycan əleyhinə danışan molla işdən çıxarıldı
Ölkəmizə qarşı çıxışlar edən Qəzvinin cümə imamı Əbdülkərim Abedin vəzifəsindən atılıb

Bu yaxınlarda Azərbaycan Prezidentinə qarşı utanmazcasına aşağılayıcı ifadələr işlədən İran rəhbərinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini vəzifəsindən kənarlaşdırılıb, ancaq İranın hökumət saytları bunu "öz istəyi ilə istefa verib" kimi qələmə veriblər.
İran hökumət mediası bildirib ki, bu barədə hökumət mollası istefa verməsi ilə əlaqədar çıxış edib. O, çıxışında 10 ilə yaxındır ki, cümə imamı kimi fəaliyyət göstərdiyini bildirib.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bakıdakı müvəqqəti işlər vəkilinə Qəzvinin cümə imamı da daxil olmaqla bir sıra hökumət mollalarının anti-Azərbaycan fəaliyyətlərinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.
Lakin Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə Ərdəbilin cümə imamı Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılıb və o, öz vəzifəsində qalıb.