Azərbaycan-İran sərhədində narkotrafikin qarşısı alınıb
Bu barədə Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib
2022-ci il Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsinin nəzarət altına götürülməsi nəticəsində bu ərazidən keçən narkotrafikin qarşısının alınması, Ermənistanla dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən 198,7 km-lik hissəsində sərhədlərimizin etibarlı müdafiəsi və mühafizəsi sisteminin təmin edilməsi, "Eyvazlı" və "Qazançı" buraxılış məntəqələrinin fəaliyyətinin nəzarətdə saxlanılması, "Füzuli" və "Zəngilan" beynəlxalq hava limanlarında sərhəd nəzarətinin təşkili, azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin hərbi potensialının gücləndirilməsi, düşmən təxribatlarının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılması ilə əlamətdar olub.
2022-ci ildə Dövlət Sərhəd Xidmətinin 9 zabiti "general-leytenant" və "general-mayor" ali hərbi rütbələrinə layiq görülüb, Vətən Müharibəsi zamanı göstərdikləri igidliyə və şücaətə, həmçinin xidmətdə fərqləndiklərinə görə 125 nəfər hərbi qulluqçunun (onlardan 54 nəfərini ölümündən sonra) orden və medallarla təltif edilməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.