
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə endirilməsi barədə qərar qəbul edib.
Bu barədə AMB xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %-dən 6 %-ə, yuxarı həddi isə 8,25 %-dən 8 %-ə endirilib.
"Sabahdan qüvvəyə minəcək qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib", - deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə sentyabrın 10-da açıqlanacaq.
Qeyd edək ki, 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə isə 5,3 faiz olacağı gözlənilir.