XƏBƏRLƏR / İdman

Azərbaycan Premyer Liqasında XXXV tur başlayıb

"Sumqayıt" – "Turan Tovuz", "Zirə" – "Sabah", "Şamaxı" – "Araz-Naxçıvan" qarşılaşması olub

Azərbaycan Premyer Liqasında XXXV tur başlayıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 18:59

    Misli Premyer Liqasında XXXV tura start verilib.

    İlk oyun günündə üç matç baş tutub.

    "Turan Tovuz" səfərdə "Sumqayıt"ı məğlub edib - 1:0. Qonaqların heyətində Emmanuel Hakman 30-cu dəqiqədə fərqlənib. Xallarının sayını 52-yə çatdıran Tovuz klubu dördüncü sıradakı mövqeyini möhkəmləndirib. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncu pillədə qalıb.

    "Zirə" "Sabah"la heç-heçə edib - 1:1. "Qartallar"ın heyətində Giorgi Papunaşvili 26-cı dəqiqədə adını tabloya yazdırıb. Pavol Safranko 67-ci dəqiqədə tarazlığı bərpa edib.

    İkinci yerdəki "Zirə"nin 71, beşinci sıradakı "Sabah"ın 45 xalı var.

    "Araz-Naxçıvan" isə səfərdə "Şamaxı"ya qalib gəlib - 1:0. Qonaqlardan Felipe Santos 44-cü dəqiqədə rəqibi məyus edib. Xallarının sayını 58-ə çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədə qərarlaşıb və çempionatın bürünc mükafatçısı olub. Komanda ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək. "Şamaxı" 36 xalla yeddincidir.

    Qeyd edək ki, XXXV tura mayın 18-də yekun vurulacaq.


    ***

    09:51

    Misli Premyer Liqasında XXXV tura bu gün start veriləcək.

    Hər üç oyun eyni saatda başlayacaq.

    Qarşılaşmalar saat 17:00-da start götürəcək. "Sumqayıt" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncu, Tovuz klubu 49 xalla dördüncü pillədə qərarlaşıb.

    "Zirə" evdə "Sabah"la üz-üzə gələcək. "Qartallar" 70 xalla ikinci, qonaqlar 44 xalla beşinci sıradadır.

    "Araz-Naxçıvan" isə səfərdə "Şamaxı" ilə münasibətlərə aydınlıq gətirəcək. Naxçıvan təmsilçisi 55 xalla üçüncü, meydan sahibləri 36 xalla yeddincidir.

    Misli Premyer Liqası

    IV dövrə, XXXV tur

    17:00. "Sumqayıt" – "Turan Tovuz"
    Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov
    VAR: Fərid Hacıyev
    AVAR: Akif Əmirəli
    Hakim-inspektor: Feyzulla Feyzullayev
    AFFA nümayəndəsi: Zümrüd Ağayeva
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

    17:00. "Zirə" – "Sabah"
    Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
    VAR: Əliyar Ağayev
    AVAR: Kamran Əliyev
    Hakim-inspektor: Ceyhun Haşımov
    AFFA nümayəndəsi: Anar Şıxəliyev
    Zirə İdman Kompleksinin stadionu

    17:00. "Şamaxı" – "Araz-Naxçıvan"
    Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
    Hakim-inspektor: Babək Quliyev
    AFFA nümayəndəsi: Bəhram Qurbanov
    Şamaxı şəhər stadionu

    Qeyd edək ki, tura mayın 18-də yekun vurulacaq.