Azərbaycan Qəzza ilə bağlı "Sülh Sammiti"nə dəvət olunub
Gələn həftə Misirdə Qəzzaya dair liderlər sammiti olacaq

Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq "Sülh Sammiti"nə dəvət olunub.
Bu barədə "Axios"un müxbiri Barak Ravid "X" sosial media platformasında paylaşım edib.
Onun sözlərinə görə, ölkələrə rəsmi dəvət ABŞ Dövlət Departamenti tərəfindən göndərilib.
"ABŞ Dövlət Departamenti bu gün bazar ertəsi Şarm əl-Şeyxdə baş tutacaq Qəzza Liderlərinin Sammitinə rəsmi dəvət göndərib. ABŞ İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanadanı əlavə edərək, dəvət olunanların siyahısını xeyli genişləndirib", - jurnalist qeyd edib.
Üstəlik, Ravidin sözlərinə görə, İran tərəfi dəvət alsa da, İsrail almayıb.