XƏBƏRLƏR / Qonşular

Azərbaycan və Ermənistan komissiyasının bəyanatı

Ermənistanda Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının iclası keçirilib

Azərbaycan və Ermənistan komissiyasının bəyanatı
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin Bəyanatı.

    29 aprel 2026-cı il tarixində Ermənistan Respublikasının Ağveran şəhərində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının 13-cü iclası keçirildi.

    Komissiyaların 13-cü iclasının yenidən tərəflərdən birinin ərazisində - Ermənistan Respublikasının Ağveran şəhərində keçirilməsi məmnuniyyətlə qeyd edildi.

    Görüş zamanı tərəflər delimitasiya fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər barədə ətraflı fikir mübadiləsi apardılar.

    Tərəflər delimitasiya işlərinin aparılması proseduru ilə bağlı aşağıdakı layihə təlimatlarının mətnləri barədə razılığa gəldilər və mübadilə etdilər:
    • "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında təlimat";
    • "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin yaradılması proseduru haqqında təlimat";
    • "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üçün sənədlərin hazırlanması və verilməsi proseduru haqqında təlimat".

    Tərəflər bu təlimatları təsdiq üçün öz hökumətlərinə təqdim etmək barədə razılığa gəldilər.

    Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər barədə ayrıca fikir mübadiləsi apardılar.

    Qeyd edildi ki, Azərbaycan Respublikası ərazisindən Ermənistan Respublikasına yük tranziti uğurla davam edir.

    Məmnuniyyətlə qeyd edildi ki, Azərbaycan Ermənistana neft məhsulları tədarük edir ki, bu da iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafını göstərir.

    Hər iki tərəfdən biznes nümayəndələrinin iştirakı ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafı, mal və xidmətlərin qarşılıqlı tədarükü və tranzit daşımaları ilə bağlı müzakirələr də aparılıb.

    Xüsusilə vurğulanıb ki, əldə edilən nəticələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın siyasi iradəsi sayəsində mümkün olub.

    Komissiyaların iclasından sonra müvafiq protokol imzalanıb.

    Tərəflər komissiyaların növbəti iclasının Azərbaycan Respublikasında adi iş gedişatında keçirilməsi üçün tarix təyin etmək barədə razılığa gəliblər.