Azərbaycan və Qazaxıstan XİN rəhbərləri telefonla danışıb
Ceyhun Bayramov və Murat Nurtleu əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar
17 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli strateji əməkdaşlıq məsələləri, habelə regional əlaqələr müzakirə olunub.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar.
Müzakirə çərçivəsində Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) 2024-2026-cı illər üzrə sədrliyinə dair prioritet istiqamətlərə toxunulub.
Hər iki tərəf Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq, dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanmasından məmnunluqlarını ifadə ediblər.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.