Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin səfirliyin bərpa oluna biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.
Ayxan Hacızadə son zamanlar Azərbaycanla İran arasında bir sıra təmasların həyata keçirildiyini bildirib. O əlavə edib ki, xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb.
“Cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfirliyimizin işinin bərpa olunması məsələsinə gəldikdə qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırılacağını gözləyir. Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb.
Qeyd edək ki, iyunun 12-də İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycanla münasibətlərə toxunarkən bildirib: “Diplomatik tədbirlər nəticəsində gərginliyin nəzarət altına alınması ilə bağlı müsbət nəticə əldə edildiyinə inanırıq. Hazırda gərginlik mərhələsindən yeni mərhələyə keçid və Azərbaycanın Tehrandakı səfirliyinin rəsmi fəaliyyətini bərpa etmək üçün danışıqlar mərhələsindəyik. Yeni praktik addımlar atmaq üçün dialoqa və fikir mübadiləsinə ehtiyacımız var”.