Azərbaycan XİN TRIPP icrası üzrə çərçivə sənədini şərh edib
Dünən Ermənistan xarici işlər nazirinin ABŞ-a səfəri zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədi imzalanıb
TRIPP-in icrası üzrə çərçivə sənədinin qəbul edilməsi 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədinə dair suala cavabında bildirib.
O qeyd edib ki, bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir.
“Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, 13 yanvar tarixində Ermənistan xarici işlər nazirinin ABŞ-a səfəri zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədi ictimaiyyətə açıqlanıb.
1 dəqiqə