BLOQ

“Azərbaycan Yolu”: Bakıdan Qüdsə qədər üç dərs

"The Jerusalem Post" qəzeti qeyri-sabit geosiyasi reqionda yerləşən Azərbaycanın müdrik siyasətindən yazır

“Azərbaycan Yolu”: Bakıdan Qüdsə qədər üç dərs
  • Oxuma müddəti:

    7 dəqiqə

  • Yaxın Şərqin qeyri-sabit geosiyasi mənzərəsində ölkələr adətən iki rejimdən birində fəaliyyət göstərirlər: dəyişikliklərə passiv reaksiya vermək və ya onları dəqiqliklə aktiv şəkildə idarə etməyə çalışmaq.

    Son illərdə Azərbaycan ikinci kateqoriyaya aid olduğunu inamla sübut edib. Mürəkkəb mühitə və qüdrətli qonşularına baxmayaraq, Bakı təkcə öz təhlükəsizliyi üçün deyil, həm də regional enerji bazarlarının sabitliyi, qlobal ticarət yolları və hətta daha geniş regional sabitlik üçün vacib olan strateji mərkəz kimi ortaya çıxıb.

    İsrail üçün Azərbaycan sadəcə dost şiə dövləti və etibarlı enerji təchizatçısından daha vacibdir. O, dünyanın ən amansız qonşuluqlarından birində fəaliyyət göstərən, diqqətlə kalibrlənmiş strategiyaya malik geosiyasi aktordur. Bir çox ölkələr sürətlə əlaqələri kəsib ideoloji bölünmələri dərinləşdirərkən, Bakı rəqibləri ilə eyni vaxtda dialoq aparmaq və müttəfiq münasibətlərini gücləndirmək qabiliyyətini qoruyaraq "strateji manevr qabiliyyəti" sənətinə yiyələnib.

    Azərbaycanın əsas üstünlüyü onun coğrafi mövqeyidir: həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir. Bu iki regional nəhəng daim çoxsaylı təhlükəsizlik, siyasi və iqtisadi çətinliklər yaradır. Səhv etməyə yer olmadığı bu vəziyyətdə, Bakının xarici siyasəti həddindən artıq ehtiyatlılıq və çevikliyin kombinasiyası ilə xarakterizə olunur. Bakı istənilən düşərgədən tamamilə asılı olmaqdan imtina edir və bu da Azərbaycanı Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bir əlaqə halına gətirir.

    Özünü qlobal təchizat zəncirlərində əvəzolunmaz bir əlaqə halına gətirərək, Azərbaycan coğrafi mövqeyini diplomatik qalxana çevirib.

    İsrail Azərbaycan siyasətindən ən azı üç əsas dərs çıxara bilər.

    1. Sözlər və kontekst vasitəsilə çəkindirmə

    İsrail üçün belə bir dərsdən biri Azərbaycanın "ritorik çəkindirmə"yə unikal yanaşmasındadır. Bunu anlamaq üçün Bakının son hərəkətlərini Omanın hərəkətləri ilə müqayisə etməyə dəyər.

    Hər iki ölkə İranın qonşularıdır, hər ikisi tarixən Tehranla funksional anlaşma axtarıb. Hər iki ölkə hazırkı regional münaqişə zamanı ilk dəfə İran təcavüzünün hədəfinə çevrilib (Azərbaycanda Amerika qoşunlarının olmamasına baxmayaraq). Onların reaksiyalarındakı fərq kəskin oldu.

    Bakının təcrübəsi göstərir ki, diplomatik dil silahlı çəkindirmədən heç də az təsirli deyil. İranın oxşar aqressiv hərəkətlərinə ehtiyatlı və məhdud bəyanatlarla cavab verən Omandan fərqli olaraq, Bakı hücumları kəskin şəkildə pisləyən aydın və birbaşa ritorika seçdi. Bu "ritorik çəkindirmə" hərbi əməliyyatları dərhal artırmadan düşmənə təsir etmək qabiliyyətini nümayiş etdirdi.

    Bəzən əlaqələndirilməmiş və ya həddindən artıq davakar bəyanatlarla mübarizə aparan İsrail elitası üçün Bakının dildən düşünülmüş şəkildə istifadə etməsi strateji ünsiyyətin nümunəsidir.

    2. Körpüləri Yandırmayın

    İkinci dərs, bəlkə də, Azərbaycan xarici siyasətinin ən vacib sütunlarından biridir: körpüləri yandırmayın.

    İsraillə dərin əməkdaşlığına və İranla gərgin münasibətlərinə baxmayaraq, Azərbaycan əksər əsas regional oyunçularla - Rusiya və Türkiyədən Fars körfəzi dövlətlərinə və ABŞ-a qədər - işlək ünsiyyət kanallarını saxlayır. Bu, ölkənin özünü vahid geosiyasi düşərgənin "girovunda" çevrilməməsi üçün təkcə ittifaqları gücləndirməyin deyil, həm də potensial rəqiblərlə dialoqun aparılmasının vacibliyini nümayiş etdirir.

    3. Güc yalnız müharibə üçün deyil, həm də sülh üçündür

    Həm İsrail, həm də Azərbaycan müharibə və xarici təhdidlər şəraitində formalaşsa da, məhz Azərbaycan nümayiş etdirir ki, müharibə və münaqişə dövründə belə əsas məqsəd hərbi gücü davamlı siyasi və iqtisadi həllə çevirmək olmalıdır. Əsas nümunə uzunmüddətli münaqişədən sonra Ermənistanla münasibətlərin bərpası və inkişafıdır, o cümlədən hava məkanının açılması, vətəndaş cəmiyyəti nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və enerji əməkdaşlığı. Bu, yalnız hərbi üstünlüyü deyil, iqtisadi inteqrasiya yolu ilə uzunmüddətli təhlükəsizliyin təmin edilməsinə sadiqliyi nümayiş etdirir.

    Regional əməkdaşlığın daha geniş arxitekturası İsrail və Azərbaycan arasında güclü münasibətlərin təməli üzərində qurula bilər. Bakının da dərin əlaqələri olan Birləşmiş Ərəb Əmirlikləri kimi oyunçular "Qüds-Bakı-Əbu-Dabi" üçbucağı yarada bilərlər. Bu model təhlükəsizlik, enerji, su ehtiyatları, infrastruktur və texnologiya məsələlərini əhatə edən regional əməkdaşlıq üçün yeni bir formata çevrilə bilər və potensial olaraq Türkiyə, Səudiyyə Ərəbistanı və digər əsas oyunçularla münasibətlərdə sabitləşdirici qüvvə kimi xidmət edə bilər.

    Fərqli xarakteri və bütün regionla tarixi əlaqələri sayəsində Bakı qarşı tərəflər arasında əlaqələri asanlaşdıra bilən körpü rolunu oynamaq üçün unikal mövqedədir. Bu, həmçinin kommunikasiya, texnologiya və süni intellekt kimi sahələrdə əməkdaşlıq edə biləcək daha geniş çoxtərəfli çərçivənin - bir növ "İbrahim Sazişləri 2.0" - formalaşması üçün potensial açır.

    Əgər İsrail ətrafı haqqında strateji düşünmək istəyirsə, Azərbaycana yalnız tərəfdaş kimi deyil, həm də "suveren elastiklik" modeli - bir ölkənin ehtiyatsızlıq etmədən necə möhkəm hərəkət edə biləcəyinin və asılılığa düşmədən müttəfiq ola biləcəyinin nümunəsi kimi baxmalıdır.

    Dərin regional dəyişikliklər dövründə Bakının təcrübəsi - güc, ehtiyatlılıq və diplomatik elastikliyin sintezi - mürəkkəb mühitdə hərəkət etmək və regionda sabitlik və rifahın təmin edilməsi üçün mühüm yol xəritəsi təqdim edir.

    The Jerusalem Post