XƏBƏRLƏR / COP29

Azərbaycanda Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi

Energetika Nazirliyi xəbər verir

Azərbaycanda Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • COP29 çərçivəsində Beynəlxalq Enerji Agentliyi (İEA) ilə birgə təşkil edilmiş tədbirdə Azərbaycanda Enerji Səmərəliliyi Siyasəti üzrə Yol Xəritəsinin təqdimatı olub.

    Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq səyləri dəstəklədiyini, istixana qazı emissiyalarını azaltmağı öhdəsinə götürdüyünü, hazırda yaşıl iqtisadiyyata keçidi sürətləndirmək, bərpa olunan enerji mənbələrinin payını artırmaq və enerji səmərəliliyini təmin etmək üçün ciddi addımlar atıldığını bildirib.

    Enerji səmərəliliyinin ölkənin enerji keçidi siyasətinin və strateji sənədlərinin əsas komponentlərindən biri olduğu, bu istiqamətdə hüquqi və tənzimləyici çərçivənin formalaşdırıldığı qeyd edilib.

    Avropa İttifaqının EU4Energy proqramı çərçivəsində hazırlanmış və ümumilikdə ölkədə olan enerji səmərəliliyi siyasəti ilə bağlı mövcud vəziyyəti əks etdirən Yol Xəritəsinə əsasən Azərbaycanda çoxmənzilli yaşayış binalarında 50%-ə qədər enerji səmərəliliyi potensialı mövcuddur. Bu potensialın reallaşdırılması nəticəsində illik 4.2 milyard kubmetrədək qaza qənaət edilə, 10 milyon tonadək karbon emissiyası azaldıla və 125 min yeni iş yeri yaradıla bilər.

    Tədbir enerji səmərəliliyi üzrə gələcək prioritetlər, qarşıda duran çağırışlar və həll yolları, beynəlxalq təcrübənin öyrənilməsi kimi mövzular üzrə panel müzakirələri ilə davam edib.