Azərbaycanda tələbələrə "Vahid tələbə kartı" veriləcək
Tələbə kartları hələlik nəqliyyat sahəsinə şamil edilmir
Azərbaycanda tələbələrə "Vahid tələbə kartı"nın verilməsinə başlanılır.
Bunu Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, kartların tətbiqinə oktyabrın 15-dən başlanacaq: "Vahid tələbə kartı"nın ilkin olaraq 11 universitetdə təhsil alan tələbələrə təqdim edilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə bu kartlar digər universitetlərə də şamil olunacaq.
Tələbə kartları tələbələr üçün xüsusi endirimləri, müxtəlif sahələrdə onların rahat istifadəsini nəzərdə tutur. Gələcəkdə isə bu, nəqliyyat, sosial və s. kimi xidmətlərə də şamil ediləcək".
Qeyd edək ki, "Vahid tələbə kartı" hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa- Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələrinə verilir.