XƏBƏRLƏR / Din

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb. 

    O bildirib ki, ilkin kvota üçün 2000-dən çox yer nəzərdə tutulsa da, 1500 kvota yeri ayrılıb.

    Şöbə müdiri deyib ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb.

    Həcc ziyarəti üçün xüsusi viza alınır. Krallıqda Həcc ziyarətinə getmək üçün xüsusi sahələr və ərazilər var - Ərəfat, Mina, Müzdəlifə. Bu yerlərə yalnız Həcc vizası ilə daxil olmaq mümkündür.

    Vüsal Cahangiri bildirib ki, kvotanın azaldılmasının səbəbi isə budur ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi prosedurların erkən bitirilməsini tələb edir:

    “Bu il əvvəlki kimi deyil, ötən illərdən fərqli olaraq bu il elektron sistemdə sənədləşmə və viza işləri 1 ay tez bitməlidir.  Kvotanın dolmasına çox az qalır. Nazirliyin təyin etdiyi vaxta əsasən bütün prosedurlar, o cümlədən vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır”.

    Xatırladaq ki, fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.