Bu gün "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsinin qəbul olunmasından 32 il ötür. 30 avqust 1991-ci il tarixinin önəmi böyükdür. Əslində, Bəyannamənin adından göründüyü kimi, rəsmən müstəqilliyin bərpası günü sayıla bilərdi. Lakin, siyasi gedişat və siyasi iradənin yetişməsi başqa bir günə təsadüf etdi - 18 oktyabr. 18 oktyabr 1991-ci il tarixdə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunub. Bu qərar haqqında zamanı yetişəndə (oktyabrın 18-də) yazaram. Burada isə sözümün canı başqadır.
Ali Sovet sözügedən bəyannaməni qəbul etdiyi gündən iki gün sonra Qarabağdakı erməni separatçıları SSR-i tərkibində "Dağlıq Qarabağ Respublikası"nın yaradıldığını bəyan ediblər. Separatçılar qərarlarını belə əsaslandırmağa çalışdılar:
1) Azərbaycan 1918-1920 illərdə var olmuş müstəqilliyini bərpa etdiyini bəyan edib;
2) Bununla Azərbaycan SSRİ-dən çıxmış sayılır;
3) SSRİ-dən çıxmaqla bağlı qaydalara aid qanuna görə müttəfiq respublikanın tərkibində olmuş muxtar qurum SSRİ-də qalmağı və bununla da SSRİ-dən çıxan müttəfiq respublikadan ayrılmağı seçə bilər.
Ermənilərin hüquq arqumentləri hər zaman zəif olub, burası öz yerində. Amma burada onların arqumenti zəif yox, ümumiyyətlə yanlış olub. Məsələ ondadır ki, SSRİ-dən çıxmaq haqqında qanun heç zaman tətbiq olunmayıb. Ayrıca, onun bir sıra müddəası SSRİ konstitusiyasına zidd olub. Odur ki, heç bir müttəfiq respublika SSRİ-dən çıxmayıb. Beynəlxalq hüquq baxımından SSRİ dağılıb.
Hüquq sahəsində arqumentlərinin yanlış olduğunu anlayan ermənilər "tarixi əsaslandırma"ya əl atmalı oldular. Dedilər ki, guya Azərbaycan özünü 1918-1920 illərdə var olmuş Xalq Cümhuriyyətinin varisi elan etdiyinə, həmin illərdə isə Qarabağ Azərbaycanın tərkibində guya olmadığına görə, 30 avqust 1991-ci il tarixdən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası Qarabağa sahib çıxa bilməz. Yəni, guya Qarabağı Azərbaycana sovet hakimiyyəti verib, Azərbaycan isə sovet keçmişindən imtina edib 1918-1920 illərə qayıdıb deyə Qarabağı itirmiş sayılmalıdır.
Burada ermənilər arqumentlərini tarixiləşdirməyə çalışsalar da, yenidən hüquqi yanlışa yol veriblər. Yanlışlarını yenidən anlayandan sonra daha bir gedişə əl atmağa çalışıblar. 18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundan sonra ermənilər 2 dekabr 1991-ci il tarixdə qondarma bir referendum keçiriblər və "müstəqil Dağlıq Qarabağ Respublikası"nı elan ediblər. Yəni, "Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayıb" arqumentinin keçərli olmadığına görə, xalqların öz müqəddəratını təyin etmək hüququndan yararlanmağa çalışıblar.
Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayıbsa, niyə ermənilər 10 dekabr 1991-ci il tarixdə Azərbaycandan yenidən çıxası olublar? 2 sentyabr 1991-ci ildə guya çıxmışdılar axı. Hələ 1 dekabr 1989-cu il tarixdə Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-nə birləşməsi haqqında qərarlarını demirəm. Heç zaman tərkibində olmadığın bir yerdən neçə dəfə çıxmaq olar? Niyəsi aydındır - iddialarını əsaslandırmaq üçün tutarlı arqument tapa bilməmələri. Xalqların öz müqəddəratını təyin etmək hüququna gəlincə, onun gerçəkləşməməsinin də səbəbi aydındır - Qarabağdakı ermənilər hüquqa görə xalq sayılmır. Nə isə, burası belə.
30 avqust rəsmən bayram sayılmır. Bununla belə, bu günün dəyərini bilməli və haqqını verməliyik. Eşq!
Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü
Erkin Qədirli