“Azərenerji” Xankəndində yeni yarımstansiya tikir VİDEO

Bu barədə qurumdan xəbər verilib

  • Oxuma müddəti:

    2 dəqiqə

  • “Azərenerji” ASC Xankəndində qapalı tipli yeni yarımstansiya tikir.

    2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı keçirilərkən ölkə başçısının tapşırığına uyğun olaraq “Azərenerji”nin xüsusi komandası operativ işə başlayıb və yeni anker dayaqlar quraşdırılmaqla cəmi 4 gün içində “Şuşa” yarımstansiyasından Xankəndi və ətraf ərazilərə ilkin olaraq enerji verilməsi təmin edilib.

    Lakin separatçıların nəzarətində olan zaman 110 kilovoltluq xətlər və mövcud “Xankəndi” yarımstansiyası istismar müddətini çoxdan başa vurduğundan hələ o zaman tez-tez qəza açılmaları baş verir, uzunmüddətli fasilələr yaranırdı.

    Məhz buna görə də bu ilin yazından başlayaraq “Azərenerji” tərəfindən Şuşa şəhərindən Xankəndiyə ən çətin dağlıq və meşəlik relyefdə 110 kV-luq ikidövrəli “Xankəndi-1”, “Xankəndi-2” yüksək gərginlikli ötürmə xəttinin çəkilməsinə start verilib. Artıq ümumi uzunluğu 11 km olan hava xəttinin çəkilməsi işi yekunlaşıb və 1,8 km məsafədə yeraltı kabel xəttinin çəkilməsi işi aparılır. Ən əsası isə Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun olaraq 110, 35, 10 kilovoltluq qapalı tipli yarımstansiyanın tikintisinə başlanılıb. Artıq tikinti işlərinin böyük hissəsi görülüb.

    “AzərEnerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, “Xankəndi” yarımstansiyası işğaldan azad edilən ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilən ilk qapalı tipli yarımstansiyadır. “Belə ki, burada kabel zirzəmisindən tutmuş 110, 35, 10 kilovoltluq paylayıcı qurğulara, o cümlədən 2 ədəd 63 MVA transformatorlara qədər bütün avadanlıqlar məhz binanın daxilində yerləşdiriləcək”.

    Yarımstansiyanın qapalı tipdə tikilməsi daha az yer tutmasına, avadanlıqların uzunmüddətli istismarına, müasir standartlara uyğun estetik görünüşünə, təhlükəsizliyinə və digər amillərə görə daha əlverişlidir. Yeni yarımstansiyada müasir tipli SERJİ yanğından mühafizə sistemindən tutmuş, kibertəhlükəsizliyə qədər bütün tətbiqlər quraşdırılacaq.

    Qeyd edək ki, “Xankəndi” yarımstansiyasının ərazisində həm də anbar, qazanxana, maşın mexanizmlərinin təmir sahəsi və başqa yardımçı binalar da tikilir. “Xankəndi” yarımstansiyasında işlərin yaxın aylarda başa çatması planlaşdırılır.