AZƏRTAC-ın jurnalisti Yeni Kaledoniyadan deportasiya edilib
Bu barədə AZƏRTAC məlumat yayıb
"Fransa dünyada özünü söz azadlığının və demokratiyanın carçısı kimi təqdim etsə də, jurnalistlərin fəaliyyətinə maneçilik törətməkdən, onları təqib etməkdən və təzyiq altında saxlamaqdan, hətta təhdidlərə məruz qoymaqdan çəkinmir. Belə ki, AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Bu azmış kimi, jurnalist bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb. Təbii ki, məhz Bakıdan gəldiyi üçün jurnalistin ölkəyə girişinə icazə verilməyib. Çünki Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Jurnalistimizin məhz dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması da məhz bu amillə bağlıdır. Agentliyin əməkdaşının polis nəzarəti altında saxlanılması və təyyarəyə minənədək müşahidə altında olması da bu tapşırığın birbaşa Fransa dövləti tərəfindən verilməsinə dəlalət edir. Bu, müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransanın məkrli niyyətinin daha bir təzahürüdür.
Polisdən bildirilib ki, Yeni Kaledoniyaya giriş üçün xüsusi viza tələb olunur. Lakin Yeni Kaledoniya hökumətinin nümayəndəsi də Şengen vizası ilə bu ölkəyə daxil olmağın mümkünlüyünü bildirmişdi. Məhz buna görə də Yeni Kaledoniyanın “AirCalin” aviaşirkəti agentliyin əməkdaşına Sinqapurdan bu ölkəyə uçuşa icazə verərək, təyyarəyə minməsinə mane olmamışdı. Qaydalara görə, hər bir sərnişinin təyinat ölkəsinə getməmişdən əvvəl vizası yoxlanılır və sonra təyyarəyə buraxılır. Lakin sərhəddə polis başqa bəhanə ilə bunun qanunsuz olduğunu bildirərək fərqli “arqumentlər” gətirib. Hətta AZƏRTAC-ın əməkdaşını həbs olunacağı ilə hədələyərək ölkədən çıxmasını tələb edib. Bununla kifayətlənməyən Yeni Kaledoniya polisi deportasiya edilərək tranzit ölkə kimi Sinqapura göndərilən əməkdaşımıza “arzuolunmaz şəxs” damğası vuraraq həmin ölkənin hava limanına məktub göndərib və onun nəzarət altında saxlanılmasını tələb edib. Lakin Sinqapur dövlətinin rəsmiləri bunu əsassız sayaraq əməkdaşımızı nəzarət altında saxlamaqdan imtina ediblər.
AZƏRTAC bu halı jurnalist fəaliyyətinin, söz və ifadə azadlığının məhdudlaşdırılması, jurnalistlərin öz vəzifəsini icra etməsinə imkan verməmək və ona qarşı qəddar davranış nümayişi kimi qiymətləndirir və bunu kəskin şəkildə qınayır. Fransa jurnalistimizə qarşı bu məhdudiyyətləri tətbiq etməklə, ona hədə-qorxu gəlməklə və qatı cinayətkarlara olan davranışı nümayiş etdirməklə dövlət səviyyəsində fundamental insan hüquqlarına və söz azadlığına əsl düşmən münasibətini aydın şəkildə nümayiş etdirdi".
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası və MEDİA bu məsələ ilə bəyanat verib.