XƏBƏRLƏR / Qalmaqal

Azər Badamov niyə Rusiyaya buraxılmayıb?

Bu barədə TASS məlumat yayıb

Azər Badamov niyə Rusiyaya buraxılmayıb?
Azər Badamov
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiya Federasiyasına girişinə qadağa qoyulmasına onun guya dəfələrlə anti-Rusiya və rusofob açıqlamalar verməsinin səbəb olduğu açıqlanıb.

    Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

    Mənbə bildirib ki, Azər Badamov 2025-ci il mayın 4-də Rusiya ərazisinə buraxılmayıb.

    Qeyd olunur ki, Azər Badamovun Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya daxil olmasına icazə verilmir. Bunun əsas səbəbi Milli Məclisin deputatının guya dəfələrlə anti-Rusiya və rusofob bəyanatlar verməsidir.

    Badamova qarşı görülən tədbirlərin “şəxsi xarakter daşıdığı” bildirilir, Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz niyyətinə təsir göstərmədiyi vurğulanır.

    "Rusiya dost ölkələrlə münasibətlərdə "stop-list" praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi, əvvəllər də bir sıra rusiyalı deputatlara qarşı Azərbaycana giriş qadağası qoyulub. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevlə bağlı olub.

    Moskva hesab edir ki, bu cür məsələlərin media vasitəsilə iddialar səsləndirməklə deyil, diplomatik kanallarla həll edilməsi düzgündür”, - mənbə bildirib.

    Azərbaycan Xarici İşlər Nazirliyi hadisə baş verən gün məsələyə münasibət bildirib, qeyd olunub ki, dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.

    “Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik”, - deyə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.

    Qeyd edək ki, dünən Milli Məclisin deputatı Azər Badamovun Moskva aeroportunda saxlanılaraq, deportasiya olunması barədə məlumat yayılıb.

    Deputat Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyətinin tərkibində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanmışdı. Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A. Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.

    Güman olunur ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş deputat Valuyevə media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu “qara siyahı”ya salıb.