XƏBƏRLƏR / Qalmaqal

Milli Məclisin deputatı Moskva aeroportunda saxlanılıb

Azər Badamov deportasiya edilib YENİLƏNİB

Milli Məclisin deputatı Moskva aeroportunda saxlanılıb
Azər Badamov
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 15:20

    Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan Respublikası Milli Məclisinin üzvünün Rusiya Federasiyası ərazisinə buraxılmaması ilə bağlı yerli medianın sualını cavablandırıb. A.Hacızadə “Məlumata əsasən, bu gün Rusiyanın Həştərxan şəhərinə səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibindəki Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Azər Badamov Moskva hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. Onun Rusiyaya girişinə qadağa qoyulduğu və Rusiyadan Bakıya geri döndüyü bildirir. Bu məsələyə dair mövqeyinizi öyrənmək istərdik” sualına belə cavab verib:

    “Bəli, həqiqətən bu gün bu hadisə baş verib. Qeyd edək ki, Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub.

    Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb.

    Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.

    Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik”.

    ***

    13:30

    Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb.

    Nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Bu addıma hər hansı izahat verilməsə də, onun fəaliyyətinə görə Rusiyaya girişinə qadağa qoyulduğu ehtimal edilir. Hazırda Azər Badamov təyyarədədir və geri qayıdır.

    Çox güman ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyevə media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu "qara siyahı"ya salıb. Son dövrlərdə Rusiyada diskriminasiya və rasizmə əsaslanan düşüncələrlə qərarların qəbul edilməsi tendensiyası güclənir. Bu xüsusda, MDB ölkələrinin vətandaşlarına münasibətdə atılan addımlar, Azətbaycana qarşı törədilmiş kiber hücumlar və sair digər hallar qeyd oluna bilər.