XƏBƏRLƏR / Nəqliyyat

Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli qatar hərəkət edəcək

Məsafə bir tərəfə 4 saat 55 dəqiqəyə qət olunacaq

Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli qatar hərəkət edəcək
  • Oxuma müddəti:

    2 dəqiqə

  • “Azərbaycan Dəmir Yolları” QSC (ADM) martın 18-dən Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli qatarın hərəkətinə başlayır.

    “Azərbaycan Dəmir Yolları martın 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində sürət qatarının marşrutunu Ağstafa stansiyasına qədər uzadacaq və ilk dəfə olaraq Bakı-Ağstafa- Bakı marşrutu ilə sürət qatarı ilə sərnişin daşımalarını həyata keçirəcək. Belə ki, əgər 2020-ci ilin mart ayına qədər sərnişinlər Bakıdan Ağstafaya sərnişin qatarı ilə 8 saata gedirdilərsə, indi bu məsafə 4 saat 55 dəqiqəyə qət olunacaq”, - deyə şirkətin açıqlamasında bildirilir.

    “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Ağstafa istiqamətində marşrutun genişləndirilməsi Tovuz dəmir yolu stansiyasının fəaliyyətini təmin edəcək.

    Sürətli sərnişin qatarı hər gün Bakıdan Ağstafaya saat 08:45-də yola düşəcək və təyinat yerinə saat 13:40-da çatacaq. Ağstafa-Bakı marşrutu üzrə qatar hər gün saat 17:10-da yola düşəcək və saat 22:05-də Bakı dəmir yolu stansiyasına çatacaq. Sürətli sərnişin qatarının müvafiq marşrut üzrə orta sürəti 100 km/saat təşkil edəcək.

    Bakıdan Ağstafaya gediş haqqı standart sinif üçün 17 manat, Bakı-Tovuz istiqamətində isə 16 manat təşkil edəcək. Biletlər 10 Mart Cümə günü satışa çıxarılacaq.

    Bakı-Ağstafa-Bakı marşrutu üzrə uzunluğu 459 km olan İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli yüksək sürətli sərnişin qatarı fəaliyyət göstərəcək. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

    “MDB-də, o cümlədən Azərbaycanda fəaliyyət göstərən dəmir yollarının sürət standartlarına əsasən, sərnişin qatarının orta sürəti 50-90 km/saat olarsa, o, sürətli qatar, 91 km/saatdan artıq olarsa, sürət qatarı sayılır. yüksək sürətli sərnişin qatarı hesab olunur. “Azərbaycan Dəmir Yolları” MDB Dəmir Yolları Şurasının üzvü olduğundan şirkət öz fəaliyyətində bu Şuranın standartlarını rəhbər tutur”, - deyə məlumatda bildirilir.