22:10
Bakı Kənar Dairəvi 1 avtomobil yolunun sol tərəfindəki yamacda uçma hadisəsi baş verib. Proses üç gün bundan əvvəl başlayıb, bu gün son mərhələsi baş verib.
Bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.
"Səhər saatlarında tərəfimizdən əraziyə baxış keçirilib, araşdırmalar aparılıb. Göründüyü kimi yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qopub 50 sm yerini dəyişmiş və stabil vəziyyətdə qalmışdı.
Lakin yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır, hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir.
Yol infrastrukturunda heç bir problem olmayıb, nəqliyyatın hərəkətinə maneə yaranmayıb", - deyə o qeyd edib.
***
21:10
Bakı Kənar Dairəvi yolda qaya parçalarının yola doğru sürüşməsi yolda avtomobillərin hərəkətinə mane olub.
Hazırda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi davam etdirilir.
***
19:45
Bakı Kənar Dairəvi yolda ehtimal olunan təhlükənin qarşısı alınıb.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsi müşahidə edildiyindən dərhal aidiyyəti üzrə məlumat verilməklə ərazi nəzarətə götürülüb.
Hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.