XƏBƏRLƏR / İdman

“Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub

Sayca doqquzuncu dəfə keçirilən “Bakı Marafonu” ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunub

“Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 17:20

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub.

    Marafonun “Sea Breeze” ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdim edib.

    Mərasimdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov iştirak ediblər.

    Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

    Qadınların mübarizəsində Rusiyadan Elena Tolstıx birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

    Qeyd edək ki, bu il “Bakı Marafonu” ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilib. Marafona 25 min iştirakçı qatılıb.

    ***

    16:50

    Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən “Bakı Marafonu 2026” başa çatıb. Bir qədər sonra “Sea Breeze” ərazisindəki finiş zonasında qaliblərin mükafatlandırılması mərasimi olacaq.

    Qaliblər üçün pul mükafatları da nəzərdə tutulub. Belə ki, birinci yerin qalibinə 6000 AZN, ikinci yerə 4000 AZN, üçüncü yerə isə 2000 AZN təqdim olunacaq. Bununla yanaşı, 42 kilometr məsafəni başa vuran bütün iştirakçılar medalla təltif ediləcək. Daha qısa məsafələr üzrə də mükafatlandırma tətbiq olunacaq: 21 kilometrlik yarımarafonu tamamlayan ilk 2000 iştirakçı medal əldə edəcək, 10 kilometr məsafəni qət edənlər isə sertifikatlarla mükafatlandırılacaq.

    İlk dəfə olaraq marafon 21 kilometrlik deyil, tam 42 kilometrlik marşrut üzrə təşkil edilib və yarışa 25 min iştirakçı qatılıb. Marafona tanınmış ictimai-siyasi və incəsənət xadimləri, həmçinin ziyalılar qoşulub. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkələrdən olan iştirakçılar da qələbə uğrunda mübarizə aparıblar.

    Hər il olduğu kimi, builki marafona da fiziki imkanları məhdud şəxslər, eləcə də Daun sindromlu iştirakçılar qoşulublar.

    ***

    14:14


    Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”nın qalibi müəyyənləşib.

    Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

    Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

    Qeyd edək ki, bu il “Bakı Marafonu” ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilib. Marafona 25 min iştirakçı qatılıb.

    ***

    10:09

    Paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu 2026”ya start verilib.

    Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışır.

    Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edir. Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında artıq yarış əhvali-ruhiyyəsi yaşanıb.

    Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, “fan zona”da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.

    Sayca doqquzuncu dəfə keçirilən “Bakı Marafonu” ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürüb və iştirakçılar müəyyən edilmiş marşrut üzrə “Sea Breeze” ərazisində finiş xəttinə çatacaqlar.