Bakının Nərimanov rayonunda otel yandı VİDEO
FHN xəbər verir
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 4500 kvadratmetr olan beşmərtəbəli otelin 1-ci mərtəbəsində yerləşən elektrik açarlarında baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının otel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın birinci mərtəbəsində divara bərkidilmiş 7 ədəd elektrik qoruyucu açarı və 2 poqonometr elektrik kabeli yanıb. Hadisə zamanı köməksiz vəziyyətdə qalan ana və 2024-cü il təvəllüdlü körpə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Otel binası yanğından mühafizə olunub.