Baş Qərargah rəisi Pakistan HDQ komandanını qəbul edib VİDEO
Kərim Vəliyev ölkəmizdə səfərdə olan admiral Navid Əşrəfin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı admiral Navid Əşrəf və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdən əvvəl qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra Azərbaycan Ordusunun Baş Qərargahında görüş keçirilib. General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında əlaqələrin qədim tarixi köklərə söykəndiyini qeyd edən Baş Qərargah rəisi hərbi əməkdaşlığımızın yüksək inkişaf mərhələsində olduğunu vurğulayıb.
Admiral N.Əşrəf isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı görüşlərin ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib.
Görüşdə Azərbaycan və Pakistan hərbi dənizçilərinin peşəkarlığının daha da artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş və səmərəli fikir mübadiləsi aparılıb.