Bayramov:Azərbaycan-Ermənistan danışıqları intensiv hal alıb
XİN rəhbərləri, baş nazirlərin müavinləri səviyyəsində də sözügedən danışıqlar aparılır və aparılacaq
Son aylar ərzində Azərbaycan-Ermənistan postmünaqişə kontekstində gedən danışıqlar intensiv hal alıb.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Cənab Prezident bu müddət ərzində bir neçə dəfə Ermənistan lideri ilə görüşüb. Belə görüşlərin müxtəlif beynəlxalq tədbirlər səviyyəsində yaxın zamanlarda yenə də davam etməsi gözlənilir. Həmçinin XİN rəhbərləri, baş nazirlərin müavinləri səviyyəsində də sözügedən danışıqlar aparılır və aparılacaq", - nazir əlavə edib.
Əsas prioritet qələbənin hüquqi və diplomatik müstəvidə bərqərar olmasıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistanın işğalçı siyasətini beynəlxalq müstəviyə daşımaq olub.
"44 günlük Vətən müharibəsi və zəfərimizdən sonra isə əsas prioritet bu qələbənin hüquqi və diplomatik müstəvidə bərqərar olması, dünya birliyi tərəfindən qəbul olunmasıdır. Eyni zamanda bu faktın masa üzərində də həll olunması istiqamətində işlər davam etdirilir", - deyə nazir əlavə edib.