Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Adani Group" şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşüb.
Görüşdə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarı və əsas nəqliyyat-logistika qovşaqlarından biri olduğu vurğulanıb, bu xüsusda əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti qeyd edilib.
Qautam Adani şirkətin Hindistanda və dünyanın müxtəlif bölgələrində limanların idarə edilməsi, nəqliyyat və daşıma sahələrində geniş təcrübəyə malik olduğunu, dünyanın bir sıra ölkələrində bu sahələrdə birbaşa investisiyalarla çıxış etdiyini bildirib.
Söhbət zamanı Azərbaycanın birbaşa xarici investisiyalar üçün cəlbedici olması, ölkəmizin iqtisadiyyatının inkişafı və bu xüsusda "Adani Group" ilə neft-kimya, dağ-mədən, metallurgiya sənayesi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi və gələcək əməkdaşlıq üzrə daha təfərrüatlı müzakirələrin aparılmasına dair razılığa gəlinib.
***
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşü olub. Görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, Bankın Azərbaycanda mühüm layihələrdə iştirak etdiyi vurğulanıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının Cənub Qaz Dəhlizinin reallaşmasına töhfəsi xüsusi qeyd edilib.
Söhbət zamanı perspektiv prioritetlər, o cümlədən nəqliyyat, logistika, informasiya texnologiyaları, bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.