Biləsuvar rayonunda İrandan gələn selin qarşısı alınıb
Rayon İcra Hakimiyyəti, Bolqarçayada sel təhlükəsi ilə bağlı son məlumatları açıqlayıb
Biləsuvar Rayon İcra Hakimiyyəti, Bolqarçayada sel təhlükəsi ilə bağlı son məlumatları açıqlayıb.
Gecə saatlarından başlayaraq, İran İslam Respublikası ərazisindən təxminən 40-45 kubmetr/saniyə sürəti ilə su kütləsinin Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olması müşahidə olunub və sel təhlükəsi yaranıb.
Baş verə biləcək fəsadların (sel təhlükəsi) qarşısını vaxtında almaq üçün, Biləsuvar Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, FHN-in Şirvan-Salyan Regional bölməsinin, eləcə də digər aidiyyəti idarə müəssisə və təşkilatların iştirakı ilə yaradılan qərargahın rəhbərliyinin xüsusi tapşırıqlarına əsasən gecə boyu texnikalar vasitəsilə çay üzərində qabaqlayıcı tədbirlər həyata keçirilib. Bolqarçay su anbarında (Platina) yığılan su kütləsi vaxtında boşaldılıb. Daxil olan sel sularının bir hissəsi su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilib.
Bundan başqa çayın müxtəlif hissələrində bəndvurma və sahilbərkitmə işləri aparılıb.
Qeyd edək ki, selin yarada biləcək fəsadlarının qarşısının alınması və sakinlərin təhlükəsizliyi məqsədilə Bolqarçay çayı ətrafında yaşayan kənd sakinləri qabaqcadan məlumatlandırılıb.
Bu gün səhər saatlarından başlayaraq, çayda suyun səviyyəsi azalaraq normal vəziyyətə düşüb. Qabaqcadan görülən tədbirlər nəticəsində, sel suları heç bir dağıntı və təlafata səbəb olmayıb.