Biləsuvarda partlayışda 1 nəfər ölüb
FNH-nin məlumatına görə, dağıntılar altından 2 nəfər sağ çıxarılıb
03:10
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər qadının cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN-dən bildirilib ki, ümumilikdə partlayışla əlaqədar FHN tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından 2 nəfər sağ çıxarılıb, 1 nəfərin isə cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
01:50
Biləsuvar rayonu, Heydər Əliyev prospekti, 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbindən 2 nəfər (1-i qadın cinsi - 2009-cu il təvəllüdlü, 1-ci kişi cinsi olmaqla - 2013-cü il təvəllüdlü) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsinə tibb müəssisəsində davam edilir.
Vəziyyəti ağır olan 2013-cü il təvəllüdlü pasiyent isə hazırda Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə edilir.
***
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur.
***
Axtarış-xilasetmə əməliyyatları nəticəsində 2 nəfər dağıntılar altından diri-diri çıxarılaraq həkimlərə təhvil verilib.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Biləsuvar şəhərində yaşayış binasında ilkin məlumata əsasən, qaz sızması nəticəsində partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Müəyyən edilib ki, partlayış binanın yuxarı mərtəbəsində baş verib və nəticədə binanın dam örtüyü uçub.