Blinken bir həftədə 5 ölkəyə səfər edəcək
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir
ABŞ Dövlət katibi Antoni Blinken noyabrın 2-10 tarixləri aralığında İsrail, İordaniya, Yaponiya, Koreya Respublikası və Hindistana səfər edəcək.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənəddən məlum olduğu kimi, Blinken Tel-Əvivdə ABŞ-ın İsrailin terrorizmə qarşı özünümüdafiə hüququna dəstəyini bəyan etmək, həmçinin Vaşinqtonun Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək, girovları azad etmək və Qəzza zolağına humanitar yardımın həcmini artırmaq səylərini müzakirə etmək niyyətindədir.
İordaniyada ABŞ Dövlət katibi Qəzza zolağında humanitar vəziyyəti, eləcə də Yaxın Şərqdə sülh yolu ilə nizamlanma perspektivlərini müzakirə etməyi planlaşdırır.
Blinken Tokioda “Yeddilik” ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək, həmçinin Yaponiyanın Baş naziri Fumio Kişida və ölkənin xarici işlər naziri Yoko Kamikava ilə ikitərəfli görüşlər keçirəcək.
Seulda ABŞ Dövlət katibi Koreya Respublikasının Prezidenti Yoon Seok Yeol və xarici işlər naziri Park Çinlə görüşəcək.
Bundan sonra Blinken Nyu-Dehliyə gedəcək və burada ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə birlikdə hindistanlı həmkarları ilə “2+2” formatında Hind-Sakit Okean regionundakı vəziyyəti müzakirə edəcəklər.
Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi fonunda Blinken bundan əvvəl İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirə səfər edib.