XƏBƏRLƏR / Diplomatiya

Britaniya səfirliyi gec də olsa sorğulara cavab verdi

Britaniya Parlamentində "Qarabağda erməni irsinin məhv edilməsi” ilə bağlı iddialar müzakirə olunub

Britaniya səfirliyi gec də olsa sorğulara cavab verdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu həftə Böyük Britaniya Parlamentinin İcmalar Palatasında keçirilmiş dinləmələrlə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə bir sıra sorğular daxil olub.

    Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilib.

    “Məsələyə yüksək maraq göstərildiyini nəzərə alaraq, Böyük Britaniyada qərarların qəbul edilməsi sisteminin necə işlədiyini aydınlaşdırmağı vacib hesab edirik.

    Böyük Britaniyanın Bakıdakı səfirliyi Əlahəzrət Kral III Çarlzın Hökumətini təmsil edir və Böyük Britaniya Hökumətinin xarici siyasət mövqelərini ifadə edir. Səfirlik Böyük Britaniyanın konstitusiya sistemində ayrıca və müstəqil hakimiyyət qolu olan Britaniya Parlamentinin adından çıxış etmir.
    Parlament Hökumətdən müstəqil fəaliyyət göstərir və onun dinləmələri, müzakirələri və araşdırmaları Əlahəzrət Kral III Çarlzın Hökumətinin rəsmi siyasətini deyil, ayrı-ayrı deputatların və ya parlament komitələrinin mövqelərini əks etdirir.

    Bu səbəbdən səfirliyin parlament proseslərinin məzmunu və ya gedişatı ilə bağlı şərh verməsi məqsədəuyğun hesab edilmir. Bununla bağlı bütün sorğular www.parliament.uk ünvanı vasitəsilə birbaşa Britaniya Parlamentinə yönləndirilməlidir.

    Böyük Britaniyanın Cənubi Qafqaz regionu üzrə mövqeyi aydın və dəyişməz olaraq qalır: biz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davamlı və dayanıqlı sülhə aparan yeganə yol kimi dəstəkləyirik”, - məlumatda vurğulanıb.

    Qeyd edək ki, 25 fevral tarixində İcmalar Palatasında “Keçmişin silinməsi: Mədəni irsin məhv edilməsi” adlı dinləmələr keçirilib. Qarabağda guya "erməni irsinin məhv edilməsi” ilə bağlı iddialar müzakirə olunub.

    Onu da vurğulamaq lazımdır ki, Britaniya səfirlyi bu il Xocalı soyqırımı ilə bağlı Azərbaycana başsağlığı verməyib.