BTC ilə neftin nəqli 6%-ə yaxın azalıb
Dövlət Statistika Komitəsi məlumat verir

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft kəmərləri ilə 21 553,9 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,3% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 75%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 16 156,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 5,9% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,6%-i və ya 13 510,2 min tonunu Azərbaycanda hasil edilən neft (3,2% azalma), 16,4%-i və ya 2 645,9 min tonunu (17,7% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.