17:15
Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş baş tutub.
Yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari”nin britaniyalı pilotu Luis Hemilton birinci olub.

Onun komanda yoldaşı, monakolu sürücü Şarl Lekler ikinci, “Mercedes”də çıxış edən britaniyalı Corc Rassell üçüncü yeri tutub.
Birinci sərbəst yürüşdə ən yaxşı nəticəni “McLaren”dən Lando Norris göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.
***
13:41
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.
"Maklaren" pilotu Lando Norris ən yaxşı nəticə göstərib.
Onun komanda yoldaşı Oskar Piastri ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.
İkinci sərbəst yürüş bu gün, saat 16:00-da start götürəcək.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***
13:13
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş davam etdirilib.
Müvəqqəti dayanmaya səbəb olan trasın üzərində aşkarlanan maneə aradan qaldırılıb.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***
12:55
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş dayandırılıb.
Buna səbəb trasın üzərində maneənin olmasıdır.

Nəticədə qırmızı bayraq qaldırılıb.
Problem həll ediləndən sonra sessiya davam etdiriləcək.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***
10:55
Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisində sərbəst yürüş başa çatıb.
45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəni "Rodin" komandasından irlandiyalı pilot Dunne Aleks göstərib.

DAMS-ın amerikalı pilotu Krauford Cek ikinci, "Hiteç”in isveçli sürücüsü Dino Beqanoviç üçüncü olub.
Saat 13:30-dan 14:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.
Saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
***
09:09
Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-prisinə start veriləcək.
10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.
Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışacaqlar.
Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.
Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.
Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq.
Sentyabrın 20-də Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sprint yarışı keçiriləcək.
Nəhayət, sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq.
- 19Sep Practice 1 01:30 - 02:30.
 - 19Sep Practice 2 05:00 - 06:00.
 - 20Sep Practice 3 01:30 - 02:30.
 - 20Sep Qualifying 05:00 - 06:00.
 - 21Sep Race 04:00.
 
Yarışlar İdman TV tərəfindən yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.
                    
                                                    
                                                
                                                    
                                                
                            
                            
                            
									5 dəqiqə