Premyer Liqa: “Neftçi” səfərdə “Kəpəz”ə məğlub olub
Misli Premyer Liqasının XXV turunun bağlanış oyunu keçirilib

19:15
Misli Premyer Liqasında XXV tura yekun vurulub.
Bağlanış oyununda "Neftçi" səfərdə "Kəpəz"in qonağı olub. Tovuz şəhər stadionunda reallaşan görüşdə Gəncə təmsilçisi rəqibini minimal hesabla məğlub edib. Yeganə qolu 50-ci dəqiqədə Şervoni Mabatşoyev vurub.
Bu nəticədən sonra xallarını 22-yə çatdıran Qərb təmsilçisi 9-cu pillədə qərarlaşıb. “Kəpəz”in turnir cədvəlindəki mövqeyi dəyişməsə də, komanda 8-ci yerdəki “Sumqayıt”la xallarının sayını bərabərləşdirib. “Neftçi” isə 27 xalla 6-cı sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qarabağ" "Sumqayıt"ı, "Şamaxı" "Səbail"i, "Zirə" "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" matçı isə qollu heç-heçə ilə yekunlaşıb - 2:2.
***
09:11
"Neftçi" futbol üzrə Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirəcək.
Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXV turda "Kəpəz"lə üz-üzə gələcək.
Qarşılaşma Tovuz şəhər stadionunda, saat 17:00-da start götürəcək. Paytaxt təmsilçisi 27 xalla 6-cı, bölgə klubu 19 xalla 9-cu pillədə qərarlaşıb.
Misli Premyer Liqası
III dövrə, XXV tur
5 mart
17:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. "Sabah" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2.