Pelenin mavzoleyi açılıb
Mavzoleyi ziyarət etmək pulsuzdur, lakin ziyarətçilər bunun üçün nekropolun saytında əvvəlcədən qeydiyyatdan keçməlidir
Santos şəhərində Pelenin nəşinin yerləşdirildiyi “Ekumenika” nekropolunda (qəbiristanlıq kompleksi) futbol üzrə üçqat dünya çempionunun mavzoleyi açılıb.
Mavzoleyi ziyarət etmək pulsuzdur, lakin ziyarətçilər bunun üçün nekropolun saytında əvvəlcədən qeydiyyatdan keçməlidir.
Futbolçunun tabutu “Ginnesin rekordlar kitabı”na “ən hündür vertikal qəbiristanlıq” kimi düşmüş nekropolda onun özü tərəfindən seçilmiş ərazidə tikilən xüsusi mavzoleyə qoyulub. Güzgülü zalın girişi Braziliyanın və dahi futbolçunun ilk dəfə oyuna çıxdığı “Santos” klubunun bayraqları, həmçinin Pelenin heykəlləri ilə bəzədilib.
Braziliyalı hücumçu müsahibələrin birində hələ 19 il öncə nekropolun onun üçün doğma olan “Vila Belmiro” stadionuna gözəl mənzərənin açıldığı doqquzuncu mərtəbəsində yer götürdüyünü demişdi. Sonradan Pelenin ailəsi logistika nöqteyi-nəzərindən onun nəşini birinci mərtəbədəki mavzoleyə yerləşdirmək qərarına gəlib.
Xatırladaq ki, uzun müddət bağırsaq xərçəngindən əziyyət çəkən Pele 2022-ci il dekabrın 29-da 82 yaşında Braziliya klinikalarının birində vəfat edib.
Pele (əsl adı Edson Arantes do Nascimento) üçqat dünya çempionu (1958, 1962, 1970) olmuş yeganə futbolçudur. O, idman mediasının versiyaları üzrə dəfələrlə XX əsrin ən yaxşı futbolçusu elan olunub, yüzilliyin müxtəlif rəmzi komandalarının tərkibinə daxil edilib.