BLOQ

Bu gün Cəlil Məmmədquluzadənin ad günüdür

O, ədib realist hekayələri, povestləri, dram əsərləri ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib

Bu gün Cəlil Məmmədquluzadənin ad günüdür
Cəlil Məmmədquluzadə
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori Seminariyası) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik (1887-1897) edib. İlk məlum bədii əsəri sayılan “Çay dəstgahı” (1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-cü ildə nəşr olunub) povestini də bu dövrdə yazıb.

    1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni həyatı ilə tanış olub. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin redaksiyasında işləyib. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində bu qəzetin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yazdığı “Poçt qutusu” hekayəsi 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. “Kişmiş oyunu”, L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri də ilk dəfə bu qəzetdə dərc edilib.

    1905-ci ilin əvvəllərində “Şərqi-Rus” bağlananda Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb. 7 aprel 1906-cı ildə Tiflisdə "Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.

    C.Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, İran və Türkiyədə də ədəbi-ictimai fikrin inkişafına qüvvətli təsir göstərib.

    Cəlil Məmmədquluzadənin publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. O, xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.

    XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən "Ölülər" komediyası 1909-cu ildə yazılıb. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapıb. “Ölülər”də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur. Avamlıq və nadanlığın nə kimi bəlalar yaratdığı göstərilir. Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olmuşdur. Cəlil Məmmədquluzadənin tərcümeyi-halı ilə əlaqədar olan materiallar, arxiv sənədləri və xatirələr göstərir ki, Şeyx Nəsrullah surətinin yaradılmasında müəllifin şahidi olduğu konkret tarixi faktların və həqiqətlərin böyük təsiri olmuşdur. Şeyx Nəsrullah bütün Yaxın və Azərbaycan üçün səciyyəvi olan canlı, tipik və mürəkkəb bir ruhani obrazıdır. Ədib Şeyx Nəsrullahın əksi olaraq yaratdığı Kefli İskəndər obrazı vasitəsilə xalqı oyatmağa çalışmışdır. 1916-cı ildə Bakıda səhnəyə qoyulmuş "Ölülər" komediyası uzun müddət Azərbaycan və Şərq ölkələrinin teatrlarında oynanılmışdır.

    Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərib.

    Ədib yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub) pyesində feodal-patriarxal münasibətləri, din və fanatizmi kəskin tənqid atəşinə tutub.

    Cəlil Məmmədquluzadə 1907-ci ildə ədib Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurub. Bu izdivacdan onların Midhət və Ənvər adlı iki oğulları dünyaya gəlib.

    Böyük ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri xiyabandadır.