BLOQ

Bir qalanın sirri və ya Qərib cinlər diyarında

Bakıda keçirilən Kino Forumunun məzmunu və məqsədi çoxları üçün sirr olaraq qaldı... 

Bir qalanın sirri və ya Qərib cinlər diyarında
  • Oxuma müddəti:

    13 dəqiqə

  • Beləliklə, Bakıda aprelin ikinci yarısında Teatr, dalınca isə Kino Forumu keçirildi… Hər iki tədbir forma nöqteyi-nəzərindən maraqlı və müasir tədbirlər olsa da, məzmunları və məqsədləri əksəriyyət üçün sirr olaraq qaldı. 

    Əvvəlcə forum anlayışının nə olduğunu aydınlaşdıraq: “Forum - kifayət qədər qlobal problemləri müəyyən və ya həll etmək üçün keçirilən tədbirdir. Forumunun keçirilməsinin əsas məqsədi təcrübə və bilik mübadiləsi, eləcə də dünyagörüşünün genişləndirilməsi və cəmiyyətdə teatr və ya kinoya marağın artırılmasıdır. Bundan əlavə, forum investisiyaların cəlb edilməsi və layihələrinin dəstəklənməsi üçün platforma sayılır”.  

    Bəli, bu anlayış bizim kəndi Forumlarımız barədə deyil… Onun başqa hədəfləri var idi… 

    Ümumiyyətlə, mənim bu məqaləmi, yəni Kino Forumu haqqında küçük yazımı əziz dostum Lalə Əliyevanın “Aktyorlar üçün qəbiristanlıq yaradılsın!” əsərnin davamı kimi qəbul edin.

    Deməli, Lalə harda qaldı? Hə, Teatr Forumunda yekdilliklə qəbul olunan ən vacib, maraqlı, hətta mən deyərdim, ölməz təklif - aktyorlar üçün amfiteatr formasında “Ölülər” adlanan qəbiristanlığın yaradılmasıdır! 

    Hmm… Amma gərək Lalənin məqaləsi mənim yazımdan sonra olardı. Paradoks ondan ibarət idi ki, Teatr Forumundan fərqli olaraq Kino Forumunun iştirakçılarının yaşamaq arzusu hələ də sönməmişdi. Belə ki, xalq və əməkdar artistlərimizin için-için yanan xəfif ulduzlarının performansı artıq özlərinə məxsus pastel tonlarda toplaşan "massovka"ya aşılanırdı. Dinlədiyim heç bir çıxışı anlamadım… Düşünürəm, mənim anlamağım, ümumiyyətlə, natiqlərin hədəfində olan məqsədlər arasında bulunmurdu. Birmənalı hədəf - yeni təyin olunan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli idi. 

    Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Qabil oğlu Kərimli.

    Adil Qabil oğlu Kərimli – 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi, 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib və “Cinayət hüququ və kriminologiya” ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 2009-cu il tarixli qərarı ilə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 

    Mütləq şəkildə əminəm ki, Adil müəllimə Forumun yüksək tribunasından ağıl öyrədən, onun bu sahədə yeni, "qərib" olmasından ruhlanaraq ona "öyüd-nəsihət" verən natiqlər onun bioqrafiyası ilə yaxından tanış olmamışdılar. Nərgizgülütək sadə, təravətli və emosional, Mədəniyyət Nazirliyinin Polad örsü, Qara günləri və ya kültürümüzün nirvana sükütuna qərq olmasını Anaraq yaşayan artist, rejissor, ssenarist və s. natiqlərin bu və digər boşluqlarını doldurmaq məqsədi ilə mədəniyyət naziri təyin olunan Adil Kərimli barədə bir sıra maraqlı məlumatları və onun seçilmiş əsərləri ilə tanış etmək istəyirəm. 

    Belə ki, Adil müəllimin yazdığı və mənim ən çox xoşuma gələn əsəri 2002-ci ildə "Hüquqi dövlət və qanun" jurnalının 9-cu nömrəsində dərc etdiyi “Tamah motivinin cinayət-hüquqi təhlili”dir. Düşünürəm, hər iki tədbir, Teatr və Kino Forumu məhz bu əsərin motivləri əsasında ərsəyə gəlmişdi. Döğrudan da, cəmi 4-5 günə Azərbaycanın bütün teatr və kino dalanlarında dolanan adamları bir sıraya yığıb kimliyini indentifikasiya etmək və bununla da onların “Delo”sunu bağlamaq peşəkar məharəti tələb edirdi. Heç bir nazirin işə bu cür konstruktiv yanaşmasının şahidi olmamışdım. Rollarından bixəbər natiqlər isə biri-birini qabaqlayaraq, ciddi dövlət tədbirinə dəvətli olduqlarından və onlara verilən çıxış imkanı və təkliflər vermək hürriyyətindən qürurlanaraq açdılar sandığı və pendiri ağızlarından buraxdılar. İn şa Allah, natiqlər onlara buraxılan vəzifələrin öhdəsindən çox yaxşı və yüksək performans göstərməklə gəldilər.

    "İstintaq" filminə bir daha baxın... Azərbaycanda çəkilib!

    Ümidvaram, Adil müəllim komandası ilə birlikdə kifayət qədər material topladılar. Bir daha xırda tezislərlə “Tamah motivinin cinayət-hüquqi təhlili”n üzərindən keçək və natiqlərin özlərini hansı növ benzinlə töküb-yandırılması barədə və ya mədəniyyətimizin tamah motivlərini büruzə verən amillərdən danışaq.

    Beləliklə, 98 oktanlı benzinlə başlayıb "salyarka" ilə yekunlaşdırırıq:

    1. 90-cı illərdə eksperimental kino çəkilişi ilə tanınan natiqlər bu gün eksperimental kino çəkənləri dar ağacına çəkdi. Yaşadığı kişinin gözləri qarşısında qadının digəri ilə lüt-üryan çılpaqlığı ilə protestini nümayiş etdirən natiqin bu gün həmin protestin fərqli formalarını qəbul etməməsi və yarasa kimi Azərbaycan kinosunun işığı söndürülmüş labirintində çıxış yollarını axtarması yəqin ki, tamaşaçıların diqqətini cəlb etdi.

    2. Yalnız özü və özünün özü barədə danışan, özünün problemlərini irəli sürən və özündən sitatlar gətirən natiqlər də diqqət mərkəzində idilər. Bu kimi natiqlər özü-özlüyündə məclisin birinci hissəsində bu gün hər şeyin yaxşılığa doğru getdiyinə inanırdısa, ikinci aktda artıq buna inanmır və inqilabi baxışları ilə tamaşaçıları təəccübləndirir.

    3. Azərbaycan üçün lazımi mövzulara müraciət etməyən kinematoqrafçıları tənqid alovunda yandıran və dayanmadan bədəninin ən dərin güşələrindən Azərbaycan üçün bu gün bir-birindən vacib olan mövzuları  tamaşaçıların alqışlarından çuşa gələrək püskürən natiqlərin bu taleyüklü kontenti niyə özləri tərəfindən bu günədək ərsəyə gətirmədiyi yəqin ki, toplaşanları maraqlandırdı. Axı bu natiqlər də sənətkardır, cəmiyyətin və kinematoqrafımızın görkəmli simalarındandır. Niyə indiyədək özləri səsləndirdiyi mövzulara aid bir dənə də olsun, qısa, tam, orta və ya heç olmasa, birmetrəlik film çəkməyiblər? Düşünürəm, bu cür ittihamları tamaşaçılar irəli sürməlidir, peşəkar kinematoqrafçılar isə bunları həyata keçirməlidir! 

    4. Xaric üçün fərqli və yerli bazar üçün ayrı filmlərin çəkilməsi təklifini irəli sürən natiqin yanaşması çoxlarını təəccübləndirdi. Düşünürəm ki, bu da XXI əsrin kino forumunda səslənən, dünyada analoqu olmayan "fidan"lardandır. İn şa Allah, bu cür qönçələr elə həmin müstəvidə, çiçəklənmə fazasını görmədən məhv olub gedəcək. Hər halda ümidvaram ki, bu kimi təkliflər protokollaşdırıldı və gələcək nəsillərin bu ideyaları səsləndirən qəhrəmanları tanımaq imkanı olacaq!

    5. Qazanc məqsədi ilə filmlər çəkənlərin linç olunması və düşmən hesab olunmasını təklif edən natiqlər də (o cümlədən, “Avatar: Suyun yolu” filminin rejissoru Jeyms Kameron qazandığı 2 milyard 300 milyon ABŞ dollarına görə) xüsusi diqqətə layiqdirlər desək, yanılmarıq. “Filmlər kommersiya məqsədi güdməməlidir – filmlərin çəkilişinə pulları dövlət ayırmalıdır və çəkilən əsərlərə özü də nəzarət etməlidir ”... Bu sakral cümlənin müəllifi vacib bir şeyi unutdu – Dövlətin gözü-qulağı yoxdur və bu “nadzor” vəzifəsini yenə də natiqimizin filmlərindən birini qadağan edən “naçalniklər” icra edəcək. Odur ki, bu təklif səslənməkdən əvvəl, hələ "ideya bətni"ndə olarkən “Brilyant Fındıq” mükafatına layiq görünməli idi. 

    6. "Cani"nin indentifikasiyasını daha dəqiq etmək üçün panelə çıxan natiqlərlə bir sıraya tamamilə kənar adamlar da yerləşdirilmişdi. Onlar ilk baxışdan və ilk çıxışdan dərhal təyin olundular. Düşünürəm, bu sürətli indentifikasiya mizanını quran yeni mədəniyyət nazirinin komandası da “Biz kino çəkməyi bolşeviklərdən öyrənməliyik” kimi çıxışları eşitdi. Lakin ifadəni eşitməsəydi də, müəllifi görmək kifayət edərdi. “Kolxozumuzun dirəkləri işıqlanır” silsiləsindən sosrealizmin "İliç lampası"tək işıq saçan bu kimi natiqlər, sözsüz ki, Azərbaycan kinosu və tamaşaçısına Stalinin tənbəkisinin tüstüsü prizmasından baxanlardır: “Molodes sənə, uşaqdakı fərasətə bax!”. 

    Bu cür təkliflər siyahısını dayanmadan davam etdirmək olar (maşallah, iki gün ərzində bu Forumun panelini çox adam ziyarət etmişdi), amma, düşünürəm, kəmiyyət vacib deyil, keyfiyyət vacibdir – çıxış edənlərin ifadələri, təklifləri və düşüncələri. Belə ki, bütün natiqlər, demək olar ki, Azərbaycan kinosunun keçdiyi yoldan danışırdılar… Amma şəxsən məni kinematoqrafımızın gələcəyini maraqlandırırdı. Maraqlıdır, 125 il kino tarixi olan Azərbaycana ümumiyyətlə kinematoqraf lazımdır, yoxsa o da Elmlər Akademiyası kimi dövlət büdcəsinə qabırğa olaraq "pensioner"lərin asudə vaxt keçirmələri üçün pansiona çevriləcək?   

    Mənim anladığım həmişəki kimi sadə şeylər oldu. Kinomuz və onun bugünkü kapitanları və "zampolit"ləri heç vaxt “Ver yeyim, ört yatım, gözlə, canım çıxmasın” prinsipindən əl çəkməyəcək. Sxem və düstur dünya kimi asandır – büdcəni mişarlamaq və rəndələnmiş Buratinonu həmişə olduğu kimi Dövlət Film Fondunun rəfinə qoymaq ki, heç kim onun uzun burnunu görməsin.

    Məni o da maraqlandırır ki, niyə mövcud iki kino İttifaqı arasında gedən soyuq müharibəyə görə Azərbaycanda hələ də film festivalları keçirilmir? Düşünürəm ki, məhz bu qurum yerli filmlərə dəyər verməlidir və şükür Allaha ki, hələ jüridə oturmağa peşəkarlarımız mövcuddur. 

    Bir sözlə, yeni təyin olunmuş mədəniyyət nazirinin aprelin ikinci yarısında, dəyərli vaxtının 4-5 gününü sərf etdiyi Forum adlı model onun üçün bəhrəsiz olmadı. Adil Kərimli bu qısa müddətdə nəinki Azərbaycan teatr və kino "bostan"ı ilə yaxından tanış oldu, o eyni zamanda burada yetişən "meyvə-tərəvəz"dən də "dada bildi" və "alaq"larla da tanış oldu. 

    O ki qaldı kinonun inkişafına və onun müvəffəqiyyətinin sirrinə, buna da Mədəniyyət Nazirliyinin komandası Forumun əvvəlində hazırladığı videoçarxda tam şəkildə izah verdi, lakin bunu yalnız anlayanlar başa düşdü (videoçarxa baxmaq üçün göy hərflərlə yazılan "videoçarx" sözünə basın - müəllif).

    Amma təşkilatçıların da bir balaca xətası oldu.. Sözün düzü, avtomobil qəzası nəticəsində ciddi travmalarla xəstəxanaya düşən Mehriban Zəkinin gecə saat 3-ə qədər bizimlə birlikdə yanında olan və bütün xərcləri çəkən mədəniyyət nazirinin müavini Murad Hüseynovun fədakarlığından sonra Kino Forumun açılışında kinematoqrafiyamızın korifeyi Oqtay Mirqasımovun 80 illik yubileyinin qeyd ediləcəyini gözləyirdim… Amma, görünür, iş çox idi…

    Oqtay və Nailə Mirqasımovlar cütlüyü.

    Oqtay və Nailə Mirqasımovlar cütlüyü.

    Fürsətdən istifadə edib Maestromuzu ürəkdən təbrik edirəm. Oqtay müəllim, bütün Azərbaycan kinematoqrafçıları adından Allahdan Sizə cansağlığı, uzun ömür və yaradıcılığınızda uğurlar diləyirəm. 
    Yeri gəlmişkən, eyni diləkləri Mədəniyyət Nazirliyimizin yeni komandasına da arzulayıram.

    Müvəffəqiyyətlər!