Bu gün Xalq artisti Ramiz Novruzun doğum günüdür
Azərbaycan sənət tarixində öz yeri olan, bir çox uğurlara imza atmış sənətkarlardandır
Bu gün Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruzun doğum günüdür.
Anadan olmasından 68 il ötən Ramiz Novruz Azərbaycan sənət tarixində öz yeri olan, bir çox uğurlara imza atmış sənətkarlardandır.
Ramiz Novruz 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində dünyaya göz açıb. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda dörd il təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Gənc aktyor burada Knyaz Zvezdiç (M.Lermontov "Maskarad"), Məsxərəçi (T.Kazımov "Muradın kələkləri"), General Şıxlinski (N.Həsənzadə "Bütün Şərq bilsin") rollarını ifa edib.
O, 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. İlk böyük rolu 1981-ci ildə rejissor Əşrəf Quliyevin tamaşaya qoyduğu A.Safronovun "Gecənin sirri" tamaşasında polkovnik Lebedev olub. Ömrünün sonunadək Milli Dram Teatrınında çalışan görkəmli aktyor bu sənət məbədində bir-birindən maraqlı yollar yaradıb.
R.Novruzun yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edir. İstedadlı aktyor "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov, "Cavad xan"da general Sisyanov və s. rollara çəkilib.
Həmçinin Ramiz Həsənoğlunun "Cavid ömrü" filmində Mir Cəfər Bağırov obrazlarını uğurla canlandırıb.
Rusiyanın RTR kanalında Vadim Ostrovskinin çəkdiyi 4 seriyalı "Sui-qəsd" filmində əsas rollardan birini - çeçen komandiri rolu və Samir Kərimoğlunun "Şər qarışanda" filmində Fərrux rolu da Xalq artistinin uğurlu rolları siyahısındadır. Bundan başqa R.Novruz Rövşən İsaxın "Pərvanələrin rəqsi" və "Sonuncu fəsil" seriallarında Hikmət Bədirli, həmçinin Xanlar obrazlarını uğurla canlandırıb. S.Behrənginin "Balaca qara balıq" hekayəsi əsasında səhnələşdirilən monotamaşanı da özünəməxsus tərzdə ifa edib. 5 il "Mən Azərbaycanlıyam" verilişinin uğurlu aparıcısı olub.
Onun 1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər…" pyesi B.Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Bundan əlavə E.de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib və rejissor kimi ugurla tamaşaya qoyub, həmçinin bu əsərdə Atilio rolunu oynayıb.
R.Novruz bir çox beynəlxalq teatr festivallarında uğurla iştirak edərək mükafatlandırılıb.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" və 1998-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
Ramiz Novruz 2023-cü il fevralın 20-də vəfat edib.